Ukrayna mənşəli Hollivud aktrisası Mila Yovoviç üçüncü dəfə ərə gedir. Altı illik birgə həyatdan, uşaqlarının doğulmasından və nişanlanmalarından sonra Yovoviç və onun sevgilisi, rejissor Pol Anderson rəsmi şəkildə evlənmək qərarına gəliblər. Bu barədə «Glomu.ru» saytı məlumat verir.
Hollivud cütlüyünün toyu avqustun 22-nə təyin olunub. Aktrisa «Contactmusic» portalına açıqlamasında bildirib ki, çox sadə toy etmək fikrindədirlər: «Toy bizim Hollivud təpələrindəki evimizdə olacaq. Polun ailəsi xüsusi olaraq İngiltərədən gələcək. Toyda mütləq klassik ispan orkestri iştirak edəcək».
Xatırladaq ki, Mila Yovoviç ilk dəfə aktyor Şon Endryusla ailə həytı qurub. «Mavi laqunaya qayıdış» filmində iştirakdan sonra məşhurlaşan Yovoviç 17 yaşı olarkən «Nəşə altında və ya çaşqınlıq» filminin çəkilişləri zamanı Şonla tanış olub. Cütlük gizli şəkildə Las-Veqasda evlənib. Amma Milanın anası, aktrisa Qalina Loqinova bir neçə gün sonra onların boşanmasına nail olub.
Mila Yovoviç ikinci dəfə məşhur rejissor Lük Bessonla ailə həyatı qurub. Besson gənc həyat yoldaşından 16 yaş böyük olub. Bessonun filmindəki kastinq barəsində eşidən Mila nəyin başasına olursa-olsun rolu almaq fikrinə düşüb. Bunun üçün o, çəkiliş meydanına çox qəribə geyimdə, 20 santimetrlik dabanı olan ayaqqabıda, çox parlaq makiyajda gəlib. Amma o, rolu ala bilməyib. Üstündən bir neçə ay keçəndən sonra Besson və Yovoviç mehmanxanada səhər yeməyi zamanı görüşüblər. Qızı makiyajsız, adi geyimdə görən Besson ona dərhal «Beşinci element» filmində rol təklif edib. Tezliklə Mila və Lük evləniblər. Amma onların nikahı cəmi 2 il çəkib.
Mila və Pol 2002-ci ildə Polun prodüseri olduğu «Şərin evi» filminin çəkilişi zamanı tanış olublar. Bir il sonra onların arasında sevgi romanı başlayıb. Cütlük 2003-cü ilin martında nişanlandığını elan edib. Amma toy olmayıb. Üstündən 4 il keçəndən sonra - 2007-ci il noyabrın 3-də Mila və Polun Ever Qabo adlı qızları dünyaya gəlib.