İstedadlı pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın vəfatından 19 il ötür. Mərhum Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” instrumental ansamblının üzvləri iyulun 27-də görkəmli pianoçunun məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Dilarə Əziz qızı Əliyeva 1933-cü il oktyabrın 7-də anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışıb. 1966-cı ildən özünün təşkil etdiyi “Dan ulduzu” instrumental ansamblına rəhbərlik edib.
İstedadlı pianoçu eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyasının, “Humayun” süitasının, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir. Gülarə Əliyeva 1991-ci il iyulun 27-də dünyasını dəyişib. Təsis etdiyi ansambla vəfatından sonra onun adı verilib.