1886-cı ildən Antverpendəki Kral incəsənət muzeyində saxlanılan «Pastor Svalmiusun portreti» əsəri bərpa işlərindən sonra Rembrandt Harmens van Reynin əsəri kimi tanınıb. Əsərin Rembrandta məxsus olması üzə çıxandan sonra onun qiyməti 1 milyon dollardan 20 milyon dollara kimi qalxıb.
Antverpen mədəniyyətşünasları XIX əsrin sonlarında Rembrandtın əsərinin əslini əldə etdiklərinə əmin olublar. Amma bir müddət sonra əsərin üzərindəki lak qaralıb və onun həqiqiliyinə şübhə yaranıb. 1969-cu ildə «Rembrandt Research Project» təşkilatının nümayəndələri əsər üzərində tədqiqat aparıblar. Bu təşkilat məşhur rəssamın əsərlərinin autentfikasiyası və onun yaradıcılığının öyrənilməsi ilə məşğul olur. «Rembrandt Research Project»in mütəxəssisləri «Pastor Svalmiusun portreti»ni Rembrandtın şagirdi Qovert Flinkin çəkdiyi barədə rəy veriblər.
Amma özəl investorun vəsaiti hesabına aparılan tədqiqat və bərpa işlərindən sonra Antverpen Kral muzeyi «Pastor Svalmiusun portreti»nin məhz Rembrandtın fırçasına məxsus olduğunu sübut edə bilib. Məsələn, sübut olunub ki, əsər Sankt-Peterburqda və Frankfurtda saxlanılan, Rembrandta məxsus olduğu şübhə doğurmayan digər iki rəsmlə eyni kağız üzərində çəkilib.
Bundan sonra «Rembrandt Research Project» Antverpendə saxlanılan «Pastor Svalmiusun portreti»ni Rembrandtın əsərləri siyahısına daxil etməyə məcbur olub.