Elektrik gitarasının yaradıcısı, əfsanəvi gitaraçı Les Pol ABŞ-da 94 yaşında dünyasını dəyişib. Nyu-York ştatının Uayt-Pleyns şəhərinin hospitalının nümayəndələri bildiriblər ki, musiqiçi pnevmaniyadan vəfat edib.
   Les Pol uzun illər ərzində gitara istehsal edən "Gibson" firması ilə əməkdaşlıq edib. Təkcə istedadlı musiqiçi deyil, eləcə də çox gözəl mühəndis olan Pol elektrik qurğuları ilə təchiz edilmiş ilk alətini ötən əsrin 30-cu illərində yaradıb.
   50-ci illərdə isə bütün dünyada rok musiqisinin simvolu sayılan elektrik gitarası dünyaya gəlib. Bütöv korpusdan ibarət olan bu musiqi aləti dünyada ən populyar musiqi alətləri modelindən sayılır. Əfsanəvi Bob Marli də belə bir gitarada ifa edirmiş. "İTAR-TASS" agentliyinin məlumatına görə, Marlini həmin gitara ilə bir yerdə basdırıblar.