Bugünlərdə Çində qəribə bir sərginin açılış mərasimi olub. Qərbin informasiya agentliklərinin verdiyi məlumata görə, Pekin şəhərində açılmış bu qeyri- adi sərgidə məşhur Mona Lizanı da görmək olar. Lakin, bu Mona Liza öz klassik sələfindən fərqli olaraq indi öz heyranlarını sadəcə təbəssümlə deyil, səsi ilə heyrətləndirir. Sərgiyə gələnlər əsrlərdən bəri öz sirli təbəssümü ilə insanları heyrətdə qoyan Mona Lizaya mikrofon vasitəsilə müraciət edərək, onun cavabını eşidə bilirlər. Məlumatlara görə, sərgiyə gələnlər bu əfsanəvi gözələ, “Sizin neçə yaşınız var”, “Siz indiyidək necə belə gözəl qalmısınız” - kimi suallar verib faktiki olaraq onula dialoqa girirlər. Bu zaman Mona Liza öz həmsöhbətini əvvəlcə nəzakətlə salamlayır və özü haqqında məlumat verməyə başlayır.
Qəzetlərin yazdığına görə, bu qeyri-adi sərgidə rəsm əsərlərindən başqa antik dövrün yunan heykəllərinin də üçölçülü oxşarları nümayiş etdirilir. Ümumilikdə sərgidə mürəkkəb kompyuter texnikası əsasında hazırlanmış 60-dan artıq əsər nümayiş olunur. Bunların arasında Leonardo da Vinçi ilə yanaşı Hans Holbeynin, Mikelancelonun da əsərləri vardır.
Sərgi təşkilatçılarının jurnalistlərə verdikləri açıqlamalarda bildirilir ki, belə bir interaktiv sərginin təşkili üçün iki ilə yaxın vaxt lazım olub. Əsasən ən son kompyuter texnikası, üçölçülü rəqəmsal qrafika, holoqrafiya və səsmüəyyənləşdirici texnikadan istifadə sayəsində əldə edilmiş bu qeyri-adi sərgiyə 7 milyon dollar vəsait sərf edildiyi bildirilir.