Məşhur Amerika-fin rejissoru Renni Xarlin yaxın keçmişdə Cənubi Osetiyada baş verən hadisələrlə bağlı yeni filmin çəkilişinə başlayıb. Qeyri-rəsmi məlumatlara görə, filmdə Gürcüstan prezidenti Mixeil Saakaşvilinin rolunu oynayacaq aktyorun tapılması xeyli vaxt aparıb. Nəhayət seçim “Xaç atası-3”, “Uzun gecənin öpüşləri” və “Toxunulmazlar” filmində çəkilmiş məşhur aktyor Endi Qarsiyanın üzərində dayanıb.
   Filmin ssenarisi gürcü-osetin hərbi münaqişəsi zamanı bu hadisələrin episentrində olmuş, müharibənin ən qaynar nöqtələrini videolentə almış amerikali telejurnalistin və operatorun başına gələn olaylardan bəhs edir.
   Maraqlı cəhət budur ki, Saakaşvilinin ekran obrazını canlandırmaq üçün rejissorun məhz Endi Qarsiyanın üzərində dayanmasının əsas səbəbi aktyorun Gürcüstan prezidenti ilə antropoloji oxşarlığıdır. Filmin bəzi epizodlarının Gürcüstanda, Osetiyada, o cümlədən Sxinvalidə çəkiləcəyi bildirilir.