Parisdə keçirilən növbəti “Ümumdünya fəlsəfə günü” mədəniyyətlərarası dialoqa həsr olunub. Bu barədə mətbuata açıqlamanı YUNESKO-nun yenicə fəaliyyətə başlamış Baş katibi İrina Bokova verib. Onun sözlərinə görə, indiki gərgin və narahat dünyamızda mədəniyyətlərarası dialoq kimi çox mühüm və qlobal bir problemə diqqətin artırılması olduqca vacib və taleyüklü bir məsələdir. İrina Bokova jurnalistlərə verdiyi müsahibədə onu da qeyd edib ki, “Fəlsəfə və mədəniyyətlərin dialoqu” adlı xüsusi çərçivə proqramı ilə bağlı tədbirlər silsiləsi dünyanın bir sıra ölkələrində keçiriləcək. O deyib ki, 2005-ci ildən başlayaraq hər il keçirilən “Ümumdünya fəlsəfə günü” xalqların və milli mədəniyyətlərin yaxınlaşmasında və daha da inkişaf etdirilməsində əvəzsiz rol oynayır.