Almaniyada çıxan “Variety” jurnalında dərc olunmuş məqalədə qeyd olunur ki, görkəmli polyak kinorejissoru, bir sıra beynəlxalq kino müsabiqələrinin iştirakçısı və qalibi, əslən polşalı Roman Polanskinin çəkdiyi “İlğım” adlı son filmi də Berlin kinofestivalının siyahısına salınıb. Gələn il keçiriləcək bu beynəlxalq kinofestivalda iştirak edəcək kino xadimləri, festivalı təşkil edənlərin belə bir təşəbbüsünü olduqca bəyəniblər. Məsələ orasındadır ki, hazırda dünyaşöhrətli kinorejissor Roman Polanski həbsdədir. O, İsveçrənin hüquq-mühafizə orqanları tərəfindən vergilərdən yayınma ittihamı ilə təqsirli bilindiyi üçün haqqında həbs qətimkan tədbiri seçilib. Sənətkar dostlarının və bir sıra nüfuzlu yaradıcılıq təşkilatlarının cidd-cəhdlərinə baxmayaraq, onu həbsdən azad etmək mümkün olmayıb. Elə bu səbəbə görə də ünlü sənətçinin çəkdiyi son film Berlin festivalının siyahısına salınıb. İnternet saytlarında yayımlanan xəbərlərdə qeyd edilir ki, belə bir qərarı çıxarmaqda əsas məqsəd kinorejissorun həbsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və İsveçrənin hüquq-mühafizə orqanlarına Roman Polanskinin həbsdən azad edilməsi üçün xüsusi müraciət qəbul etməkdir. Xatırladaq ki, sözügedən festival 2010-cu il fevralın 10-dan 20-dək Berlində keçiriləcək.