ABŞ-da dərc olunan “Arts” incəsənət dərgisi ötən ilin ən çox qazanc əldə etmiş məşhur Hollivud ulduzlarının adlarını açıqlayıb. Dərginin yazdığına görə, 2009-cu ildə ən çox pul qazanmış kino ulduzlarının reytinq cədvəlinə əksər filmlərdə baş rolun ifaçısı olan Sandra Ballok başçılıq edir. Onun ötən il çəkildiyi üç yeni kinofilm - “Görünməyən tərəf”, “Təklif” və “Stiv haqqında hər şey” Hollivudun ən çox qazanc gətirən filmləri sırasına düşüb.
    Ən çox para qazanmağı bacaran kino ulduzlarının reytinq cədvəlindəki ikinci yerin Conni Deppə, üçüncü yerin isə Mett Deymona məxsus olduğu bildirilir. Məlumatlara görə, Conni Depp 2006 və 2007-ci illərdə də qazancına görə ikinci yerdə olub. Onun çəkildiyi və dünyanın yüzdən artıq ölkəsində nümayiş olunmuş “Doktor Parnasın xülyaları” filminin milyonlarla dollar gəlir gətirdiyi bildirilir.
   Sənətçi həmkarından heç də geri qalmayan və aldığı qonorarın məbləğinə görə Hollivudun üçüncü ən bahalı kinoulduzu hesab olunan Mett Deymon isə “İnformator” filmindəki rolu ilə məşhurlaşıb. Ümumiyyətlə “Arts” dərgisində dərc edilmiş ən varlı kino ulduzları cədvəlində 10 aktyorun adı qeyd olunub. Onların sırasında Corc Kluni, Robert Dauni, Tom Henks, Meril Strip, Bred Pitt, Şia Labef və Denzel Vaşinqton kimi tanınmış kino ulduzlarının da adları özünə yer tapıb.