Fransız saytlarının yaydığı məlumatlara görə, yeni ilin ilk gecəsində ölkənin cənub əyalətindəki şəxsi malikanələrdən birində ilin ilk ən böyük oğurluq hadisəsi baş verib. Məşhur fırça ustalarının rəsm əsərlərinin və qədim antikvar əşyaların kolleksiyası ilə məşğul olan malikanə sahibinin evdə olmamasından istifadə edən quldurlar binaya soxulublar. Onlar malikanə sahibinin şəxsi kolleksiyasındakı ən qiymətli rəsm əsərlərindən və antikvar əşyalardan bir neçəsini oğurlayaraq aradan çıxıblar. Oğurlanan incəsənət əsərlərinin arasında dünyaşöhrətli rəssam Pablo Pikassonun və digər tanınmış boyakarların nadir tablolarının da olduğu bildirilir. İlkin hesablamalara görə, şəxsi kolleksiya sahibinə dəyən ziyanın məbləği bir milyon avroya yaxındır.
   Maraqlı cəhət orasındadır ki, Yeni il axşamında Fransanın digər məşhur şəhəri - Marseldə də oxşar oğurluq hadisəsinin baş verdiyi bildirilir. İnternet saytlarının yaydığı məlumatda qeyd olunur ki, bu dəfə məşhur fransız impressionist rəssamı Edqar Deqanın Marsel şəhərinin mərkəzindəki “Kantini” muzeyində saxlanılan və qiyməti 30 milyon avro olan nadir əsəri oğurlanıb. Bu əsər rəssamın həmin muzeydəki 20 tablosundan biridir. Hazırda fransız polisinin oğruların izinə düşdüyü və onların axtarılması istiqamətində tədbirlər gördüyü bildirilir.