Tanınmış müğənni, keçmiş SSRİ-nin xalq artisti, bir sıra kinofilmlərdə, o cümlədən “Brilliant əl” kinokomediyasında yaddaqalan rollardan birinin ifaçısı Edita Pyexa Moskva sakinlərinin qarşısında özünün ilk yeni il konsert proqramı ilə çıxış edib. Əslən polyak olan sənətçini bu konsertlərdə RF xalq artisti Svetlana Kryuçkova müşayiət edib.
   Keçmiş sovetlər məkanında kifayət qədər tanınmış və milyonlarla pərəstişkarı olan Edita Pyexa KİV nümayəndələri ilə söhbətində deyib:- “Mən artıq 53 ildir ki,tamaşaçılar qarşısında yeni ilin ilk həftəsini “Yeni iliniz mübarək” adlı konsert proqramı ilə başlayıram. Bu artıq mənim üçün bir ənənəyə çevrilib. Məqsədim insanlara yeni ildə yeni ovqat, yeni sevinc, yeni ümidlər bəxş etməkdir. Lap köhnə zamanlarda deyərdilər ki, insanlar yeni ili necə başlayırsa, eləcə də bütün ili həmin əhval-ruhiyyə ilə keçirirlər. Mən də insanların qarşısında yeni ilin ilk günündə məhz bu məqsədlə konsert verirəm. İstəyirəm ki, hər kəsə lap kiçicik də olsa sevinc payı verim. Bu mənim missiyamdır”.
   Tanınmış müğənni Edita Pyexa onu da qeyd edib ki, konsert proqramına daxil olan bir çox mahnılar 20-30 il bundan əvvəlki dövrün sevincini özündə yaşadan, o illərin şirin xatirələrini, xoş arzularını bu günə gətirib çıxaran nəğmələrdir.