Bavariya musiqiçilərinin gəldikləri qənaət klassik musiqiyə münasibətin dəyişdiyini göstərir. Məlumatlara görə, son illərdə klassik musiqi tədricən öz populyarlığını itirməkdədir. Konsert salonları daha çox pop və rok, eləcə də caz musiqisi həvəskarları ilə dolur. Musiqişünaslar bunun səbəblərini müxtəlif amillərlə izah etməyə çalışırlar.
    Klassik musiqi araşdırıcısı Klaus Fiderman mətbuat nümayəndələri ilə söhbətində bildirib ki, əsas problem klassik musiqinin təbliğatı ilə əlaqədardır. Mütəxəssisin sözlərinə görə, klassik musiqiyə olan belə münasibət onun dəyərini heç də aşağılamır. Nəyinsə pis və yaxud yaxşı olması tamamilə subyektiv və nisbi bir anlayışdır. İncəsənət də əmtəə bazarı kimi həmişə tələb və təklifdən doğur.