Türk pop musiqisinin ulduzu Sezen Aksu 10 illik fasilədən sonra Amerikada konsertlərinə başlayıb. Vaşinqton yaxınlığında Bethesda şəhərindəki Stratmor konsert salonunda keçən ilk konsertə “Turk of America” cəmiyyəti sponsorluq edib. Sənətçinin populyar mahnılarını yenidən dinləmək arzusu ilə konsertə 1800-ə qədər adam gəlib. Müğənnini konsertdə onun ansamblı və Amerikada tanınan musiqiçi Fahir Atakoğlu müşayiət edib.
   Vaşinqtonda konsertdən sonra Sezen Aksu Nyu- Yorkun mötəbər Karneqi konsert salonunda və Nyu- Cersi ştatının Nyuvark şəhərindəki Sənət mərkəzində də konsertlər verib.
   Sezen Aksu sonuncu dəfə Amerikada 2000-ci ildə konsert verib. "Türk pop musiqisinin kraliçası" və "Minik Serçe" ləqəbləri ilə tanınan Sezen Aksunun dünyada 40 milyondan artqı diski satılıb.