Dünya muzeyləri
      
   Luvr dünyanın ən məşhur muzeylərindən biridir. Muzey 1793-cü ildə açılıb. Həmin il Fransa burjua inqilabının nəticəsi olaraq Burbonlar sülaləsindən kral XVI Lüdoviq devirilərək edam edilib. Kralın Parisdəki gözəgəlimli saray binalarından birində muzey təşkil olunması barədə qərar verilib. Luvr sarayının binası XII əsrdə inşa edilib. Bir müddət qala və həbsxana kimi istifadə olunub. XV- XVI əsrlərdən etibarən Fransa krallarının nadir incəsənət kolleksiyalarının saxlanc yerinə çevrilir.
   
   Hazırda Luvr muzeyinin kompleksi 18 hektar ərazini əhatə edir, muzey salonlarının ümumi sahəsi isə 60 min kv m-dir.
   Luvr dünyada ən çox ziyarət edilən muzeydir, 2007-ci ildə burada 8,3 milyon ziyarətçi olub. Eksponatlarının zənginliyinə və dəyərinə görə, Luvr dünya muzeyləri sırasında ön yerlərdən birini tutur. Burada nümayiş olunan eksponatlar arasında rəsm əsərləri, keramika, fil dişindən düzəldilmiş əşyalar çoxluq təşkil edir. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinədək rast gəlmək olar. Burada hətta Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri qorunur. Luvrun ən tanınmış eksponatları Miloslu Venera və Samofrakiyalı Nika heykəlləri, Leonardo da Vinçinin məşhur «Cokonda» (Mona Liza) və digər rəsm əsərləri, Rembrandt və Tisianın rəsmləri, Ejen Delakruanın «Barrikadada azadlıq» əsəri sayılır.
   Qiymətli əşyalar arasında Venesiya hökmdarının kraliça Mariya Mediçiyə toy hədiyyəsi olaraq bağışladığı, çərçivəsi zümrüdlə bəzənmiş güzgü də var. Güzgü flamand sənətkarı Piter Rubens tərəfindən hazırlanıb. Burada həmçinin qiymətli almaz sayılan, çəkisi 137 karat olan «Regent» almazı saxlanılır. Bu almaz 1700-cü ildə Hindistanda, Qolkond əyalətində bir qul tərəfindən tapılıb. Almazı tapan qul öz dabanını deşir və almazı orada gizlədib sarıyır. Bu sirri ancaq bir matrosa açır və xahiş edir ki, bunun müqabilində onu üzdüyü gəmiyə götürsün. Matros onu aldadıb gəmiyə götürür, ancaq almazı quldan alandan sonra, onu dənizə tullayır. Sonra almazı 1000 funt-sterlinqə müqəddəs Georq şəhərinin qubernatoru Pittə satır. Almazın ikinci adı «Pitt» də buradan götürülüb. Ancaq almazı satan matrosun bəxti gətirmir. Aldığı pulları xərcləyib qurtardıqdan sonra o intihar edir.
   İkinci bir versiyaya görə, qubernator Pitt bu daşı Yaxmund adlı bir adamdan 312 min franka alır. O zaman Fransa regenti olan Orlean Hersoqu bu daşı ondan 375 min franka kral XV Lüdoviq üçün alır. 1792-ci ildə «Regent» almazı digər qiymətli əşyalarla birlikdə kral sarayının talan edilməsi zamanı yoxa çıxır. Sonralar hansı yollasa yenidən saraya qaytarılır. O zaman Fransa hökuməti maliyyə ehtiyacı üzündən almazı varlı rus taciri Treskova satır. Onu təkrar Fransaya qaytaran isə Napoleon Bonapart olur. Zaman-zaman bu daşı auksionlarda satmaq istəsələr də, tarixi əhəmiyyətini nəzərə alıb onu satışa çıxarmayıblar. Napoleonun hakimiyyəti zamanı müharibələr nəticəsində muzeyə gətirilən memarlıq nümunələri artmağa başlayır və həmin illərdə də Misir, Yaxın Şərq ölkələrindən incəsənət əşyaları gətirilir.
   Luvrda ən qədim zal «Kariatid zalı» hesab olunur. «Kariatid» sözünün mənası qadın fiquru deməkdir. Bu zalda kraliça Mariya Stüartın toy mərasimi, Jan Batist Molyerin ilk pyesinin tamaşası, müxtəlif müsamirələr keçirilib. 1826-cı ildə Luvrda Misir zalı açlır. Burada olan eksponatlar Napoleonun səfəri zamanı fransız ekspedisiyasının əldə etdiyi tapıntılar idi. Bu muzeyin ilk qoruyucusu Misir heroqliflərinin sirrini açmış alim Jan Fransua Şampolon olub. Hal-hazırda qədim Misirə aid olan eksponatlar 20 zalda yerləşir.
   Qeyd etmək lazımdır ki, çox insanlar öz şəxsi kolleksiyalarını vəsiyyətlərinə əsasən Luvr muzeyinə verməyi daha üstün sayırlar. Bunlardan biri də tanınmış kolleksiyaçılardan Edmund Rotşild olub. Onun yığdığı kolleksiyaların çoxu XIX və XX əsr nümunələrindən ibarət olub.
   Antik eksponatlar zalında bütün dünyada məşhur olan yunan gözəllik ilahəsi Veneranın büstü saxlanılır. O, 1820-ci ildə Milos adasında Georqeski adlı bir kəndli tərəfindən tapılıb. Kəndli bir müddət gizlətdikdən sonra büstü satmaq qərarına gəlir və onu Dyumon Durvil adlı bir fransız zabitinə göstərir. Zabit savadlı adam idi və sənətə qiymət verirdi. O büstü almaq istəyir, ancaq kəndlinin dediyi qiymətə pulu çatmır. Durvil kəndlini dilə tutur ki, lazım olan məbləği toplayana qədər onu heç kimə satmasın. O, İstanbuldakı (o vaxt bütün Yunanıstan ərazisi, o cümlədən Milos adası Osmanlı imperatorluğunun tərkibində idi) fransız konsulunun yanına gedir və qədim eksponatı almaq üçün onu dilə tutur. Ancaq qayıtdıqdan sonra öyrənir ki, büst bir türkə satılıb və həmin adam tezliklə yola düşəcək. Böyük rüşvət hesabına Durvil büstü alır və limanda dayanmış fransız gəmisinə aparır. Gəmidə yenidən büst uğrunda türklərlə fransızlar arasında dava düşür. Büst əldən-ələ keçir. Sonda büst fransızlarda qalır və gəmi tələsik yola düşür. Toqquşma nəticəsində büstün mərmərdən hazırlanmış əlləri qırılır və limanda qalır. O indiyədək tapılmayıb.
   Luvr muzeyinin rəsm qalereyası başqa muzeylərdən daha zəngindir. Burada Rafael, Delakrua, Rembrandt, Qoyya kimi dünya şöhrətli rəssamların əsərləri saxlanılır.
   Luvr muzeyində müxtəlif şah əsərlər saxlanılır ki, onların hər biri ayrı-ayrı mədəniyyətə, dövr və sivilizasiyaya aiddir. Ümumiyyətlə isə muzeydə 300 minədək eksponat olmasına baxmayaraq, onlardan yalnız 35 minə qədəri gələn insanlara təqdim olunur. Bəzi eksponatlar isə xüsusi qorunma şəraitində saxlanılır və ildə bir neçə ay ziyarətçilərə nümayiş olunur.
   Qeyd edək ki, Luvrda Azərbaycana aid eksponatlar da saxlanılır. Bunlar əsasən xalçaçılıq nümunələridir. Əsasən XVI-XVII əsrlərə aid olan Gəncə, Şamaxı, Naxçıvan, Şəki xalça məktəbinin məhsulları olan bu xalçalar muzeyin dekorativ sənət zalında nümayiş etdirilir. Bunlardan başqa dəmir, gümüş, bürüncdən hazırlanmış nadir əşyalar da var. Bunların arasında bürüncdən hazırlanmış, qiymətli daşlarla bəzədilmiş uzun dimdikli quş şəklində olan qab daha çox fərqlənir. Bu eksponat Luvrun Şərq mədəniyyəti zalında nümayiş olunur.
   
   Çingiz