Pekin Milli kitabxanası
   
   Pekin Milli Kitabxanası 1909-cu ildə fəaliyyətə başlayıb. Əvvəlcə Pekin Universitetinin tərkibində olub, 1916-cı ildə isə ona ölkənin əsas kitabxanası statusu verilib. Kitabxana 3 binada yerləşir. Bu kitabxana dünya kitabxanaları sırasında beşinci yeri tutur, ərazisi 170.000 kvadrat metr təşkil edir. Onun fondlarında 260 milyon cild kitab və sənədlər saxlanılır. Hər il bu say 600-700 min ədəd yenilənir.
   Burada xüsusi fondda 1 milyon nadir kitab, qədim atlas və xəritələr, Çində yaşayan milli azlıqların dilində çap olunmuş bədii əsərlər, görkəmli adamların əlyazmaları, tarixi sənədlər saxlanılır. Kitabxana ilin bütün günləri açıq olur, gündə 8 min adama xidmət edir. Eləcə də sutkada 24 saat ərzində oxuculara İnternet vasitəsilə onlayn xidmət göstərir.
   
   Almaniya Milli Kitabxanası
   
   Almaniya Milli Kitabxanası bu ölkənin əsas arxiv və biblioqrafiya mərkəzi sayılır. Kitabxananın əsas vəzifəsi dünya ölkələrində çap olunan sənədlərin alman dilində çap edilərək qorunub saxlanılmasıdır. 1914-cü ildən fəaliyyət göstərir. Kitabxananın binaları Almaniyanın 3 şəhərində - Leypsiq, Frankfurt-Mayn və Berlində yerləşir. Bu kitabxanalar əvvəlcə ayrılıqda fəaliyyət göstəriblər. 1976-cı ildə hər üç kitabxana birləşib və Almaniya milli kitabxanası adlandırılıb.
   Leypsiq kitabxanasında bədii və elmi əsərlər, Frankfurt-Maynda tarixi sənədlər, Berlində isə daha çox musiqi diskləri, qədim vallar saxlanılır. Hazırda Almaniya Milli Kitabxanasında hüquq, fəlsəfə və tibb elminə aid 23 milyon cilddə yaxın müxtəlif sənədlər, kitablar, əlyazmalar və digər biblioqrafiya məhsulları saxlanılır.    

    Çingiz