“Ginnesin rekordlar kitabı”nda azərbaycanlı rekordçuların da adları var
   
   Dünyada insanlar tərəfindən göstərilən və ya təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən bu məcmuə ilk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunub.
   
   "Ginness" pivə zavodunun direktoru Hyu Biver 1951-ci il mayın 4-də tanışı ilə birlikdə ova çıxır. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşür. Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmur. Bundan sonra ser Hyu qərara alır ki, belə bir soraq kitabı tərtib etdirsin. Bu işi Londonda məlumat agentliyi olan Norris və Ross Makuirter qardaşlarına tapşırır. 1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanır və 1000 nüsxə pulsuz paylanır. Növbəti il isə artıq pulla satılan kitab İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıraları tutur. 1956-cı ildə rekordlar kitabı ABŞ-da 70 min nüsxə ilə satışa çıxarılır.
   Qeyd edək ki, 1954-cü ildə birinci kitabın nəşri üçün pivə zavodunun sahibi tərəfindən "Guinness World Records Limited" şirkəti yaradılmışdı. Sonradan kitabın çap hüququ bir neçə dəfə satılıb. Nəhayət, 1995-ci ildə kitabın konsepsiyası dəyişib. O vaxtadək yalnız mətndən ibarət olan kitab şəkilli alboma çevrilib. Albomun özü də rekorda imza atıb. Hazırda "Ginnessin rekordlar kitabı" 100 milyon tirajla, 24 dildə çap olunur. O, kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşridir.
   Hər il rekord sahibi olmaq üçün müraciət edənlərin sayı 60 minə yaxın olur.
   Azərbaycandan isə 2004-cü ildə "Ginnesin Rekordlar Kitabı"na düşmüş ilk şəxs Cəbrayıl rayonunda anadan olan, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyevdir. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. F.Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri çəkməyə həsr edib. Bir sıra ölkələrdə fərdi sərgiləri təşkil edilib. F.Vəliyev həm də Belçikada fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.
   Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə "Ginnesin Rekordlar Kitabı"na düşən kiçikyaşlı şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enməklə dünya rekordunu müəyyən edib.
   Bakı şəhərində anadan olan Stanislav Şpanin isə "Ginnesin Rekordlar Kitabına" planetin ilk gənc rəssamı kimi düşüb.
   
   Hazırladı: Səbinə Məmmədova