Ulduz həyatı
   
  Va ya lənətlənmiş ilahə
   
   Sirli və qəribə olsa da, bir çox məşhur və zəngin insanlar həyatlarını intiharla başa vururlar. Görünür, ruhunu, mənəvi gücünü minlərə, milyonlara fəda edən bu insanların özlərinə sərf edəcək gücləri qalmır. Bu yazının qəhrəmanını ölüm uzun illər öncədən izləyirdi. Onun təzadlarla dolu həyatı ilə tanış olduqda bu insanın ölüm-qalım savaşında alın yazısının qurbanı olduğunu görürük.
   
   Çəpgöz qızcığaz «Misir gözəli»nə çevrilir
   
   Bu insan bəzilərinin hələ də misirli zənn etdikləri fransız müğənnisi Dalidadır. Əsl adı Yolanda Kristina Cülietta olan müğənni 1933-cü ildə Qahirədə doğulub. Atası italyan, anası fransız olan qız uşaqlıqdan göz qüsurundan əziyyət çəkib. Buna görə də eynək taxmağa məhkum Yolanda daim xarici görünüşü ilə bağlı kompleks keçirib. Bu kompleks və utancaqlığından birdəfəlik qurtulmaq istəyən yeniyetmə qız gözəllik müsabiqəsinə qatılmağa qərar verir və qalib gələrək 16 yaşında «Misir gözəli» titulunu qazanır.
   
   Bardan böyük səhnəyə
   
   Bu uğurdan sonra Dalida rejissorların da diqqətini cəlb edir və filmlərə dəvət alır. Lakin kinoda epizodik rollar oynaması və ümumilikdə içindəki böyük musiqi sevgisi onu səhnəyə səsləyirdi. O, Parisin məşhur kabare barlarından birində iş tapır və tezliklə şəhər elitasının marağına səbəb olur. Lakin bütün bunlar onun peşəkar ifaçılıq ehtirasını öldürə bilmirdi. Nəhayət, Fransanın «Avropa 1» radiosunun elan etdiyi ifaçılıq müsabiqəsinə qatılmaq qərarına gəlir. Müsabiqənin tamaşaçıları arasında radiostansiyanın direktoru Lusian Morris də var idi. Müsabiqədə uğurla çıxış edir və elə həmin gecə «Barklay» səsyazma studiyası ilə bir neçə musiqi albomunun hazırlanması barədə müqavilə imzalayır. Məhz bu müqavilə sayəsində yaxından tanış olan gənc Dalida və yaşlı Lusian Morris bir neçə müddətdən sonra ailə həyatı qururlar. Sevgidən çox bir-birindən istifadə üzərində qurulan ailənin ömrü elə də uzun olmadı.
   
   Təhlükəli nikahlar
   
   Dalida böyük səhnədə debütündən az sonra elə o zamanlardan məşhurlar yığını olan Fransa estradasında özünəməxsus yerini ala bildi. Yeni ulduzun şöhrəti tez bir zamanda aləmə yayıldı. Həyat gənc qadının üzünə gülmüşdü. Lakin bütün bunlar ifaçının əri L.Morrisi çox narahat edirdi. Ona görə də mütəmadi qalmaqallar salır və arvadının uğurlarına açıq-aşkar qısqanclıq nümayiş etdirirdi.
   Nəticədə bu təzyiq və söz-söhbətlərə davam gətirməyən Dalida yenicə tanış olduğu gənc rəssama qoşularaq qaçır. Morris Dalida ilə boşansa da, onunla ömrünün sonunadək möhkəm dost olur. Və günlərin bir günü 60 yaşlı Morris özünü evinin eyvanından ataraq intihar edir.
   
   Eşq gəldi və getdi
   
   1966-cı ildə müğənninin həyatına gözlədiyi böyük eşq daxil olur. Bu, Dalidanın özü kimi gənc və yaraşıqlı italyan, məşhur estrada musiqi ifaçısı Luidji Tenko idi. Onların evliliyi münaqişələrdən uzaq, sakit və rahat tərzdə davam edirdi. Adətən məşhur ifaçılarla hitə çevrilən mahnıları belə duet oxumaqdan boyun qaçıran Dalida sevimli həyat yoldaşı ilə duet oxumağa qərar verir. Bu hadisə 1967-ci ildə keçirilən nüfuzlu San-Remo festivalında baş verir. Lakin cütlüyün bu işbirliyi uğursuzluqla nəticələnir və bundan məyus olan iddialı Luidji Parisə qayıdaraq özünü güllələyir. Ərinin faciəli ölümündən sonra depressiyaya düşən və dərin ümidsizliyə qapılan Dalida da həyat çırağını söndürmək qərarına gəlir. Bir neçə il heç bir konsert vermir, televiziya proqramlarına qatılmır. Onun növbəti uğuru və stimulu 1971-ci ildə Rumıniyada keçirilən festivalla bağlı olur. Bu festivalda «mətbuat mükafatı»na layiq görülür.
   
   Ətrafına ölüm saçan qadın?
   
   Getdikcə ailə həyatında da hər şey qaydasına düşür: Dalida özünü sehrbaz zənn edən avantürist və mistik Riçard Şamfredə ərə gedir. Bu insanla da 6 il evli qalan Dalida sonradan ondan da ayrılır. Və üç ildən sonra, 20 iyul 1983-cü ildə San-Trope ətrafında Şamfredin və arvadı, milyonçu Paulanın meyiti tapılır. Avtomobildə qazdan boğulma nəticəsində dünyasını dəyişən cütlüyün ölümü də intihar kimi xarakterizə olunur.
   Bütün bu baş verənlərdən ağır sarsıntılar keçirən Dalida gah depressiyalara düşür, gah mənasız və nəticəsiz eşq-işrətlərə enir, alkoqol və narkotik vasitələrdən mədəd umurdu. Onun yaradıcılığı demək olar ki, yoxa çıxmışdı. Nikahlarının uğursuz olmasından çox analıq hissini yaşaya bilməməsi ilə barışmaq istəməyən Dalida bütün bu əzablar içərisində sənətini tam unutmuşdu. Ömrünün son illərini Monparnasdakı villasında keçirən miskin müğənnini son aylarda qulluqçuları Petro və Lusiya cütlüyündən başqa heç kim görmürdü. Lakin günlərin birində (1987) heç kimə bəlli olmayan xəstəlikdən bu cütlük də vəfat edir. Məhz elə bu fakt müğənnini çoxdan bəri izləyən ölümlə mübarizəsində son damla olur. Və elə həmin ilin 3 mayında 54 yaşlı müğənni intihar edərək həyatına son verir.
   
   «Sanki mən burdayam»
   
   Bir neçə il öncə Dalidanın mahnıları təzə orkestrovka və remiks variantıyla yenidən musiqisevərlərlə görüşdü. Alboma simvolik olaraq «Sanki mən burdayam» adı verilmişdi. O, beləcə sağlığında olduğu kimi, ölümündən sonra da böyük və gözəl sənətçi olaraq qala və sevilə bildi. Onun diskləri 100 milyon tirajla bütün dünyaya yayıldı, 10 dildə mindən artıq mahnıya musiqi həyatı verdi. Fransız, italyan və Latın Amerikası musiqisi üslubundakı estrada mahnılarında şöhrətə çatan müğənni onu bütün zamanlarda məşhur edən «Yollar uzundur», «Çao Bambino», «Rio-de-Janeyroda karnaval» və s. mahnılarında yenə böyük və əsrarəngiz məhəbbətlə anılacaq.
   
   «Əlvida məhəbbət, əlvida!»
   
   Xüsusən də böyük tragizmlə oxuduğu bu mahnı ilə. Sevimli həyat yoldaşı Luidji Tenkonun ölümündən bir neçə gün öncə bəstələdiyi «Əlvida məhəbbət, əlvida!» ilə həyatla vidalaşdı. Beləcə onun sevinc, fərəh və parıltı dolu həyatı dramatik sonluğa yetdi. Əslində o, bir çoxlarının həsəd apardığı zirvəyə çatdı. Yeganə aktrisa olaraq Fransa prezidenti Şarl De Qolun xüsusi medalına layiq görüldü, Janna D Ark və Sara Bernardan sonra Parisdə abidəsi qoyulan üçüncü qadın oldu. Parisin böyük meydanlarından birinə onun adı verildi, müxtəlif yerlərdəki mülkləri muzey kimi qorundu. Amma bütün bunlar faciəli taleyin heyhatlarla dolu dolaylarında sadəcə görünməz qalır. 
   

  Həmidə