Aktyor, müğənni və şoumen - Frenk Sinatra

   Bir neçə il əvvəl radioda çalışarkən hazırladığım “Dünya akkordları” adlı layihənin məqsədi ötən illərin musiqiləri və müğənniləri haqqında dinləyiciləri məlumatlandırmaq, insanları bir neçə dəqiqəliyə də olsa keçmişə qaytarmaq idi. 
            
   Zamanın o tayından səsi gələn musiqiçilərin həyatı, diskoqrafiyaları və ifaları dinləyicilərdə necə böyük marağa səbəb olurdusa, yaşlı nəslin nümayəndələri canlı efirə zəng vurub ifaçılar və mahnılar haqqında fikirlərini söyləyir, hətta bəzən biz jurnalistlərə məlum olmayan maraqlı faktları, məlumatları çatdırırdılar. Dünya incəsənətində özünəməxsus yeri olan belə məşhur simalardan birini - bənzərsiz səsli Frenk Sinatranı xatırlayaq.
   O, 1915-ci il dekabrın 12-də ABŞ-da italyan emiqrantlarının ailəsində dünyaya gəlib. Orta nəsil nümayəndələrindən elə biri yoxdur ki, F.Sinatranın “My way”, “Nyu York” mahnılarını eşitməmiş olsun. Bəlkə də çox az dinləyici kütləsinə məlumdur ki, Yeni il ərəfəsində ən çox səslənən və populyar olan “Jingle bells”in ilk ifaçılarından biri də məhz F.Sinatra olub.
   13 yaşından musiqi ilə maraqlanan Frenkin həyat və sənət yolu heç də asan olmayıb. Həyat heç kimə məqsədinə asanlıqla çatmaq üçün yaşıl işıq yandırmır. Ailənin yeganə övladı olan gənc Frenk yerli qəzetlərdə idman müxbiri işləməklə yanaşı şəhərlərində fəaliyyət göstərən barlardan birində ukulele adlı musiqi alətində (dördsimli miniatür gitara) caz nömrələri də ifa etməyə başlayır.
   Bardakı çıxışları onun radioda konsertlərinə yol açır. İlk vaxtlarda onu “bal səsli oğlan” kimi tamaşaçılara təqdim edirlər. Sonralar bal səsli oğlana “mavi gözlü Mister”, illər keçəcək “hörmətli Qoca” kimi muraciət olunacaq.
   Caz estrada manerasının “svinq” üslubu ilə tanınan, parlaq ulduza çevrilən Frenk Sinatra 1933-cü ildə Binq Krosbi ilə tanış olur və müğənniliklə məşğul olmağa başlayır. 1935-ci ildə gənc istedadların müsabiqəsində qalib olur və öz qrupunu yaradır. 1937-ci ildə paralel olaraq restoranlarda şoumen kimi fəaliyyət göstərir.
   Karyerasının ən parlaq səhifəsi 1939-1942-ci illərə təsadüf edir. Bu illərdə müğənni caz orkestri ilə birlikdə böyük uğurlara imza atır. Amma həyat heç də həmişə insanın üzünə gülmür. 40-cı illərin sonu Sinatranın yaradıcılığında böhran dövrü başlayır. Onu uzun illər çalışdığı radiodan uzaqlaşdırırlar, konsertləri təxirə salınır, hətta səsyazma studiyaları da ondan üz döndərir. Bütün bunlara səbəb Frenk Sinatranın ilk nikahının pozulması və aktrisa Ave Qardner ilə eşq macərası yaşaması olur. 1951-ci ildə Ave Qardner ilə yenidən ailə quran müğənni güclü soyuqdəymə nəticəsində səsini də itirir. Bütün bunlar müğənnini intihar etmək dərəcəsinədək çatdırır.
   1953-cü ildə Sinatranın səsi yerinə qayıdır. O, hər şeyi yenidən başlayır. Filmlərdə rol alır. İlk yaratdığı obraza görə ikinci planda ən yaxşı aktyor nominasiyasında “Oskar”a layiq görülür. Yenidən estradaya qayıdır. Las- Veqasda Semmi Devis, Din Martini, Jo Bişop, Piter Loufordla “Rat Pack” qrupunu təşkil edir.
   1971-ci ildə müğənni təqaüdə getdiyini bəyan edir. Nadir hallarda konsert proqramlarında görünməyə başlayır. 1979-cu ildə “Nyu-York” adlı şedevr əsərini lentə alır. Bu mahnı ilə Sinatra 50 ildən sonra populyarlığını və tamaşaçı sevgisini yenidən qaytaran yeganə müğənni kimi tarixə düşür. Əsrin sonlarında vida turuna çıxan müğənni 1994-cü ildə son konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edir. 1998-ci ildə 82 yaşında ürək tutmasından vəfat edən sənətkar bu gün də musiqisevərlərin yaddaşında yaşayır.
   
   Lalə Azəri