Tanınmış ingilis yazıçısı Artur Konan Doyl ixtisasca həkim olsa da, 70-ə yaxın tarixi əsərin, tibb haqqında məqalələrin və məşhur xəfiyyə Şerlok Holms və doktor Vatson haqqındakı silsilə detektiv romanların müəllifidir.
   
    Maraqlıdır ki, onun bir sıra əsərlərinin qəhrəmanı olan xəfiyyə Şerlok Holmsun Londonda muzeyi var. Yazıçının yazdığına görə, xəfiyyə Şerlok Holms və onun ayrılmaz dostu doktor Vatson 1881-ci ildən 1904-cü ilə kimi Beyker-strit, 221 B ünvanında yerləşən mənzildə yaşamışlar. Bu əsərlər yazılarkən Londonda belə bir ünvanlı mənzil olmamışdır. Sonralar burada “Milli abbatlıq” cəmiyyəti tərəfindən yeni bina inşa olunur və Beyker-strit küçəsi uzadılır. Bu zaman 221 B saylı mənzil 215-dən 229-a qədər olan mənzillərin arasına düşür. Uzun illər Beyker-strit 221 B ünvanına, Şerlok Holmsa saysız-hesabsız məktublar gəlir. Cəmiyyət tərəfindən məktubları araşdırıb, onlara cavab yazmaq üçün xüsusi bir adam ayrılır. Nəhayət, qərara alınır ki, burada Şerlok Holmsun muzeyi yaradılsın.
   Muzey yazıçı Konan Doylun qızı Janna Bromenin vəsaiti hesabına yaradılır. Muzeyin qarşısında vurulmuş ağ lövhədə belə yazılıb: “Şerlok Holms, xəfiyyə-məsləhətçi”.
   Muzey London metrosunun “Beyker-strit“ stansiyasının yaxınlığında, Viktorian üslubunda tikilmiş dördmərtəbəli binada yerləşir. Binanın birinci mərtəbəsində suvenir mağazası yerləşir. İkinci mərtəbədə pəncərələri Beyker-strit küçəsinə açılan qonaq otağı və ona bitişik olan Şerlok Holmsun otağı , üçüncü mərtəbədə həkim Vatsonun və qulluqçu missis Hadsonun otaqları yerləşir. Binanın dördüncü mərtəbəsində Şerlok Holms haqqında yazılmış əsərlərin qəhrəmanlarının mumdan düzəldilmiş heykəlləri və təsərrüfat alətləri yerləşir.
   Muzeyin interyeri sanki əsərlərdə təsvir edildiyi kimidir. Burada kitablardan və filmlərdən tanış olan bir çox əşyalara - Şerlok Holmsun skripkası, şlyapası, tənbəkisi ilə bir yerdə türk qəlyanı, məktublar, kimyəvi analizlər aparmaq üçün şüşə qablar, qamçı, doktor Vatsonun revolveri və s. rast gəlmək olar.
   Muzeyə gələnlər burada xatirə şəkli çəkdirə, məişət əşyaları ilə tanış ola, Şerlok Holmsun məşhur kreslosunda otura və satılan suvenirlərdən ala bilərlər. Burada məşhur xəfiyyənin sobanın yanında oturmuş vəziyyətdə düzəldilmiş manekeni də var. Muzeydə restoran və bar da fəaliyyət göstərir. Otaqların divarlarını müxtəlif ölkələrin qəzetlərindən kəsilmiş Şerlok Holms haqqındakı məqalələr, filmlərdə onun rollarını oynamış aktyorların şəkilləri bəzəyir. Muzey hər zaman turistlərlə dolu olur. Burada videoçəkiliş aparmağa və şəkil çəkməyə də icazə verilir.
   
   Hazırladı: Çingiz