Yazıçı-şairənin yeni işıq üzü görən kitabı nağıllardan ibarətdir 


Son vaxtlar uşaqları bir neçə şeir kitabı ilə sevindirən Yazıçılar Birliyinin üzvü, «Qızıl qələm» mükafatı laureatı Aygün Balın bugünlərdə daha bir kitabı işıq üzü görüb. Digər üç şeir kitabından - «Görən niyə doğulmuşam», «Siz qanadlı mələklərsiniz», «Meşədə əlifba bayramı»ndan fərqli olaraq, bu kitab bir qədər fərqli formada və biçimdədir. Əgər əvvəllər müəllif daha çox misra sığallı şeirləri ilə balacaların «qapılarını döyürdüsə», bu dəfə onları ipə-sapa düzülməmiş söz inciləri ilə - nağıllarla sevindirmək keçib könlündən. Atalarımızın bir misalı var: «Nağıl dili yüyrək olar!» Bu dəfə balalarımızı nağıl dili ilə oxşamağa çalışan Aygün xanımın bu yeni hekayələrini də uşaqlar da elə bir göz qırpımında oxuyacaqlar.


«Çəkməçi ayı» adı ilə nəşr etdirdiyi kitabına müəllifin balalarımıza hədiyyə olaraq 3 nağıl-hekayəsi - «Çəkməçi ayı», «Xoruz və siçan», «Dovşan və canavar» daxil edilib. Nağıllarda bəhs edilən hadisələrdə heyvanların dili ilə ən nəcib keyfiyyətlər və  xeyirxahlıq  təbliğ olunur.
Ümumilikdə nağılların süjet xəttini xeyirxahlıq, zəhmətsevərlik, haqq-ədalətin təbliği təşkil edir. Müəllif heyvanların dili ilə insanlarda olan bu müsbət keyfiyyətləri təbliğ edir, nadanlıq, tənbəllik, kiminsə zəhmətindən sui-istifadəni pisləyir.


Kitabın məzmunu ilə yanaşı, onun nəfis tərtibatı, yüksək poliqrafik keyfiyyəti də  diqqəti cəlb edir. Kitabdakı rəng çalarları elə seçilib ki, uşaqların gözləri yorulmur. Bir sözlə, məzmun zənginliyi və gözəl tərtibatı özündə birləşdirən kitabın müəllifi Aygün Bala uğurlar diləyir, növbəti illərdə balacaların görüşünə yeni-yeni kitablarla gəlməyi arzu edirik.

MEHPARƏ