Böyük dramaturq Mirzə Fətəli Axundovun adını daşıyan muzeyin rekonstruksiya layihəsinin təqdimatı keçirilib
Gürcüstan paytaxtı Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin rekonstruksiyası layihəsinin təqdimatı keçirilib.
Bu barədə məlumat verən muzeyin direktor müavini Qızxanım Əhmədovanın sözlərinə görə, rekonstruksiya layihəsinin təqdimatında Gürcüstanda səfərdə olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Layihə sənədli film kimi səsli şəkildə təqdim olunub. Filmdə yazıçı-dramaturqun arxiv şəkilləri və köhnə evin foto şəkilləri nümayiş etdirilib. Təqdimatda layihənin dizayn müəllifi olan “M`Studio” şirkətinin rəhbəri Mehriban Muradova-İsmayılova layihənin rekonstruksiyası barədə iştirakçılara məlumat verib. Q.Əhmədova bildirib ki, muzey demək olar ki, yenidən ən yüksək şəkildə rekonstruksiya ediləcək: “Burada konfrans və görüşlər keçirmək üçün zal, xalçaçılıq, musiqi, rəssamlıq dərnəkləri fəaliyyət göstərəcək, dil kursları təşkil ediləcək. Muzeydə eyni zamanda administrasiya üçün kabinet və digər lazımi otaqlar rekonstruksiya ediləcək, arxa və ön fasadları yenidən bərpa ediləcək. Rekonstruksiya nəticəsində ikimərtəbəli bina üçmərtəbəli olacaq”.
Muzeyin rekonstruksiyasına oktyabr ayında başlanacaq. Qeyd edək ki, 1834-cü ildə görkəmli yazıçı bu binanı satın alıb və ömrünün sonuna kimi bu mənzildə yaşayıb-yaradıb.