Məşhur aktyor, şoumen, prodüser Leonid Yarmolniki gənc nəslin nümayəndələri Şən və Hazırcavablar Klubundan yaxşı tanıyırlar. Orta nəsil tamaşaçıları isə bu aktyorun pillə-pillə necə şöhrət qazandığının şahidi olublar.
   
   Leonid Yarmolnik 1954-cü il yanvarın 22-də anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olan Leonid kiçik yaşlarından musiqi və idmana maraq göstərirdi, bir qədər sonra ədəbiyyat və teatrı daha çox sevməyə başlayır. Bu sevgi onu xalq teatrı nəzdində fəaliyyət göstərən teatr studiyasına yazılmağa vadar edir. Studiyada aktyorluğun ilk sirlərini, səhnə mədəniyyətini öyrənir, eyni zamanda tamaşalarda oynayır. Orta məktəbi bitirəndən sonra düşünüb-daşınmadan sənədlərini B.V.Şukin adına Teatr Məktəbinə verir. İstedadı ilə seçilən Leonid 1976-cı ildə teatr məktəbini bitirən kimi Taqanka Teatrına dəvət alır və “Master və Marqarita” tamaşasında ilk dəfə böyük səhnəyə çıxır.
   Teatrda çalışdığı illəri xoş təəssüratlarla xatırlayan aktyor səhnədə V.Vısotski, V.Zolotuxin, L.Filatov, N.Qubenko kimi tanınmış sənətkarlarla birgə çalışır. Səhnədə işlərinin yaxşı getməsinə baxmayaraq aktyorun bir arzusu var idi: filmə çəkilmək.
   Kinoda ilk debütü isə 1974-cü ildə “Sizin hüquqlarınız” adlı filmdə olub. Aktyor 70-ci illərin sonundan tanınmağa başlayır. Buna səbəb o vaxtkı Mərkəzi Televiziyada “Vokruq smexa” (“Gülüş dairəsi”) verilişində görünməsi oldu. O, tanındı, sevildi və çoxmilyonlu tamaşaçıların ürəyinə yol tapdı. Elə bu illərə təsadüf edən Mark Zaxarovun “Elə həmin Münhauzen” filmindəki rolu da tamaşaçılar tərəfindən yaxşı qarşılanır. Növbəti uğurunu da bu filmlə qeyd edən aktyor qarşıda hələ nələrə imza atacağını bəlkə ağlından belə keçirmirdi.
   1993-cü ildə Vladislav Listev tərəfindən televiziyaya bir aparıcı kimi dəvət alanda bütün həmkarları ona belə demişdilər: ”Belə hesab et ki, sənətlə vidalaşdın”. Amma illər sübut etdi ki, fikirlər tam yanlış imiş. Leonid Yarmolnik burada da birincilər siyahısına daxil ola bilir. Uzun müddət ekranlarda reytinq qazanan “L- klub”, “Otel”, “Qaraj”, “Fort Boyard” kimi layihələr məhz onun sayəsində geniş tamaşaçı auditoriyası qazanır.
   Ümumilikdə 100-ə yaxın filmdə rol alan aktyor “Yolayrıcı”, “O qadını tapın”, “Moskva tətilləri”, “Stilyaqa” filmlərində maraqlı, tamamilə əks xarakterli və yaddaqalan obrazları tamaşaçılara təqdim edib. Onun rolları həmişə gözlənilməz olur. Bir filmdə komik obrazdadırsa, digərində dramatikdir. O, tamaşaçını sevindirməyi bacarır və yaxşı film çəkməyi də həmçinin. Tez-tez ŞHK-də münsif kimi iştirakını isə hələ də gülməyi bacardığı ilə əlaqələndirir. Buradakı hər bir zarafata şən və səmimi reaksiya verir. Dostlarını çox sevir. Həyatda ən yaxın dostu mərhum aktyor Aleksandr Abdulov olub. Aktyor hazırda filmlərə çəkilməklə yanaşı, müxtəlif telelayihələr üzərində də işləyir.
   
   Lalə Azəri