Vladimir Vısotski bu dünyanı 42 yaşında tərk etdi
   
   Şair, bard-müğənni, aktyor ... O, sağlığında bu adların hər biri ilə populyar idi. Bu gün də - ölümündən 32 il ötsə də, əsərləri, mahnıları, rolları ilə şöhrət zirvəsindədir...
   
   Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olub. Uşaqlığı müharibə illərinə təsadüf edib. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşayıb, sonradan Moskvaya qayıdıb müəllimlər evindəki dram dərnəyinə gedib. Tikinti Mühəndisləri İnstitutuna daxil olub, lakin oranı tərk edərək Moskva Bədaye Akademik Teatrının nəzdindəki V.İ.Nemiroviç-Dançenko adına məktəb-studiyasının aktyorluq şöbəsinə daxil olub. 1960-cı ildə oranı bitirib, A.S.Puşkin adına Dram Teatrında fəaliyyətə başlayıb. 1964-cü ildən ömrünün sonuna qədər Moskva Dram və Komediya Teatrında işləyib. “Qalileyin həyatı”, ”Hamlet”, “Puqaçov”, “Albalı bağı”, “Cinayət və cəza” tamaşalarında baş rollarda çıxış edib. Bir neçə tamaşada onun mahnıları səslənib.
   1959-cu ildən kinoya çəkilib. 1979-cu ildə çəkilən “Görüş yerini dəyişmək olmaz” telefilmində milis kapitanı Jeqlov rolu ilə şöhrət qazanıb. “Kiçik tragediyalar”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   V.Vısotski ilk şeirlərini tələbəlik illərində yazıb. “Tatuirovka” (“Döymə”) adlı ilk kitabı 1961-ci ildə çap olunub. 1960-cı ildən mahnılarını gitarada ifa etməyə başlayıb. 1968-ci ildən Vısotskinin mahnıları mətbuatda ciddi tənqid edilib və kitablarına, müəllif mahnılarına rəsmi qadağa qoyulub. 70-ci illərin ikinci yarısından xarici ölkələrdə konsertlərlə çıxış edib.
   1979-cu ildə müsahibələrinin birində jurnalistin “Xoşbəxtlik nədir” sualına cavabında “Xoşbəxtlik səyahətdir” demişdi. Bir il sonra yaşadığı qadağalar dolu həyata dözməyərək axirət dünyasına əbədi səyahətə çıxdı. 1980-ci ilin 18 iyulunda “Hamlet” tamaşasında sonuncu dəfə tamaşaçıların görüşünə gəldi. İyulun 27-də intihar edərək dünyasını dəyişib. Ölümündən sonra “Görüş yerini dəyişmək olmaz” filmindəki roluna görə SSRİ Dövlət mükafatına layiq görüldü...