Moda dünyası
Rene Lakost (Rene Lacoste; 1904-1996) tanınmış fransız tennisçisi idi. Həyatda ikinci hobbisi moda idi. Həmişə çalışıb ki, hər iki sahədə uğur qazansın.
Rene Lakost 1926-cı ildə Amerikada keçirilən tennis üzrə açıq çempionatda iştirak edir. Öz əli ilə qısaqol trikotaj köynək hazırlayır. Yayın cırhacırında özünü bu geyimdə çox rahat hiss edirdi. Bu, dünyada birinci paltar idi ki, xüsusi idman növü üçün hazırlanmışdı. 1927-ci ildə Lakost Devis kuboku uğrunda yarışlara timsahın dərisindən hazırlanmış çamadanla gəlir. Amerika mətbuatı onu “alliqator” (Amerika timsahı) adlandırır.
Nəhayət, 1933-cü ildə o, trikotaj emalatxanasının sahibi Andre Giller ilə “La Chemise Lacoste” firmasını qurdu. Onlar tennis meydançalarında geyilən, üzərində timsah markası olan tennis köynəkləri istehsal etməyə başladılar. Şirkət özünün yaşıl timsah markası ilə tanınmağa başladı. Sonralar Lakost qolf və yelkənçilik idmanı üçün köynəklər istehsal etməyə başladı. 1952-ci ildə geyimlər ABŞ-a ixrac olunmağa başladı.
1969-cu ildə Rene Lakostun oğlu Bernard şirkət rəhbərliyini öz öhdəsinə götürdü. Onun rəhbərliyi dövründə şirkət daha da böyüməyə başladı. Şirkət hər il 300 min “Lacoste” məhsulu satırdı. “Lacoste” markası 1970-ci illərin sonlarında ABŞ-da məşhurluğunun zirvəsinə çatdı.
1980-ci ildə şirkət bəzi səbəblərdən müflisləşməyə başlasa da, daha sonra fransız modaçısı Kristof Lemarla (Cristophe Lemaire) işə başlamasıyla “Lacoste” markasının məşhurluğu yenidən özünə qayıtdı. Bu ortaqlıq nəticəsində “Lacoste” şirkəti 1990-cı illərdə elit vəziyyətinə geri döndü. 2005-ci ildə 50 milyon “Lacoste” geyimi 110 ölkədə satılmışdı.
Bernard Lakost 2005-ci ildə keçirdiyi ağır xəstəlik səbəbindən şirkətə rəhbərliyi qardaşı Mişel Lakosta (Michel Lacoste) verdi və bir il sonra vəfat etdi.
Bu gün “Lacoste”nin dünyanın bir çox ölkələrində butikləri fəaliyyət göstərir. Həmçinin “Lacoste” ayaqqabılarını istehsal etmək üçün “Pelanntd Brand”, ətir istehsalı üçün “Procter&Gamble” və kiçik dəri əşyalarının istehsalı üçün “Samsonite” şirkətinin lisenziyası var.
Hazırladı: Səbinə Məmmədova