Kasıb fəhlə geyimlərindən podiumlara
   
   Fransız mənşəli olan “cins” sözü “Genuyanın mavi rəngi” (“bleu de Genes”) mənasını verir. Cins şalvarlar İtaliyada ilk olaraq Turin şəhərində meydana gəlib. XIX əsrdə populyarlaşmağa başlayıb. Bu geyimlər güclü dəniz donanması və ticarəti olan Genuya dövlətinin paytaxtında - Genuya limanında satılırdı. Cins parçadan paltarlar möhkəmliyinə görə dənizçilər arasında geniş yayılmışdı.
   1850-ci illərdə ticarətlə məşğul olan Levi Strauss Kaliforniyanın dağ-mədən sektoruna “Levi’s” brendi altında cinslər satırdı. Dərzi Cakob Davis ondan tez-tez parça üçün ilgəklər və pambıq parça alırdı. Bu parçadan yamaqların vurulmasında və çox vaxt dözümlü olduğu üçün ciblərin tikilməsində istifadə edirdi. Sonradan (1873) onlar şərikli olaraq "İmprovement in Fastening Pocket-Openings" şirkətini qururlar.
   XX əsrin əvvəllərində açıq-mavi cins köynəklər “Cambric” markası altında Amerika dəniz qüvvələrinin geyimi oldu. İşçi paltarları dəniz uniformalarını çirklənməkdən və cırılmaqdan qoruyurdu, onları mərasimlər üçün saxlayırdılar. Sonralar Amerikada bu parçadan məhbuslar üçün də uniformalar tikilməyə başlandı. Cins o vaxtlar əsasən işçi paltarı (fabrik və zavodlarda, tikinti işlərində) kimi tanınırdı.
   Bu 1950-ci illərədək belə davam edir. Həmin dövrdən Amerika filmlərində cins geyimli qəhrəmanların təsiri ilə yeniyetmə və gənclər arasında bu paltarlar populyarlaşmağa başlayır. 1970-ci illərdən başlayaraq cins bütün dünyada yayıldı. Bu gün bu parçadan geyimlər prezidentlərdən tutmuş sadə fəhlələrə qədər hamının qarderobunda özünə yer tutur. 

   Hazırladı: Səbinə Məmmədova