Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcəkdir. Bu barədə Mərakeşin mədəniyyət naziri Bensalim Himmiş bildirib. Nazir qeyd edib ki, tədbirlər Mərakeşin bir neçə şəhərini əhatə edəcək.
   
   Oktyabrın üçüncü ongünlüyünə planlaşdırılan tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətinin fərqli sahələri ilə tanışlıq nəzərdə tutulub. Mədəniyyət günləri çərçivəsində rəsm sərgilərinin, muğam axşamlarının, digər konsertlərin keçiriləcəyi gözlənilir.
   Mərakeşin mədəniyyət nazirinin fikrincə, mədəniyyət günləri mümkün qədər çox sahəni əhatə etməlidir. Bir neçə gün davam edəcək mədəniyyət günlərində daha çox mərakeşlinin iştirak etməsi üçün tədbirlərin eyni vaxtda krallığın ayrı-ayrı şəhərlərində keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə turistlərin də tez-tez ziyarət etdikləri şəhərlər seçilib.
   Hazırda Azərbaycan Mədəniyyəti Günlərinin proqramının tərtib edilməsi ilə bağlı iki ölkənin müvafiq qurumları arasında danışıqlar davam edir.