Dünyaca məşhur brendin yaradıcısı Roberto Kavalli (Cavalli) 1940-cı ildə Florensiyada anadan olub. Onun babası Cuzeppe Rossi dövrünün tanınmış rəssamlarından biri olmuşdu. Babasının əsərlərini maraqla seyr edən Roberto geyim rəssamlığına meyl salır.   

   1972-ci ildə Roberto Kavalli ilk geyim kolleksiyasını açır. Paltarlar cins parçadan hazırlanırdı. O, öz geyiminin xüsusi tikiş texnikasını icad edir. Bununla da Roberto Kavalli bütün dünyaya sübut edir ki, texnikadan istifadə edərək lazerlə parçanın üzərinə necə naxış vurmaq olar. O, hazırladığı geyimlərdə dəridən də geniş istifadə edir. Qadınlar üçün hazırlanan dəri paltarlar, xüsusilə dizayn və gözəlliyi ilə seçilir. Tezliklə “Roberto Cavalli” brendi bütün Avropada tanınır. 1999-cu ildə isə o, Amerikada ilk butikini açır. Amerikanın tanınmış simaları həmin butikdən alış-veriş etməyi özlərinə fəxr bilirdilər.
   Kavalli geyim kolleksiyasına tədricən eynəklər, əl çantaları, qol saatları, ayaqqabılar, ev əşyaları, müxtəlif aksesuarlar, çimərlik paltarları, uşaq geyimlərini də əlavə edir. 2002-ci ildə isə “Roberto Cavalli” adlı ətir satışa çıxarılır. 2007-ci ildə Kavalli İsveçin HM firması ilə müqavilə bağlayır. Onlar birlikdə kostyumların, gecə paltarlarının və s. istehsalına başlayırlar.
   Bununla yanaşı, məşhur brendin məhsulları sırasında məhz “Cavalli Jeans” cins paltarları daha böyük uğur qazanır. Bu gün də “Roberto Cavalli” tanınmış incəsənət ulduzlarının ən sevimli markası sayılır. Onların arasında Cenifer Lopez, Madonna, Sting, Halli Beri kimi məşhurlar var.
   
   Hazırladı: Səbinə Məmmədova