Dəb dünyası
      
    Dünya şöhrətli modelyer, dəb dünyasının metrlərindən sayılan Pyer Karden (Pierre Cardin) 1922-ci ildə İtaliyada, Venesiya yaxınlığındakı San-Byaco şəhərində anadan olub. Atası şərabçılıqla məşğul idi. Lakin Pyerin marağı modaya idi. Buna görə də o, məktəb yaşlarında Fransaya gedir, 14 yaşında dərzi yanında köməkçilik edir.
   Geyim sahəsində təcrübə qazanan gənc 1945-ci ildə modelyer kimi fəaliyyətə başlayır. Tədricən Parisin dəb dünyasını fəth etmək üçün öz məqsədinə doğru addımlayır. 1947-ci ildə “Christian Dior” evində işə başlayır. Artıq üç il keçəndən sonra nəhayət, 1950-ci ildə o, öz moda salonunu (“Pierre Cardin”) açır. Dizayner əsasən kişilər üçün modellər hazırlayır. Qalstukları və köynəkləri yaddaqalan “çiçəklər”lə bəzəyir, yaxasız gödəkçələr tikirdi. Məşhur “Beatles” ansamblı səhnəyə onun tikdiyi geyimdə çıxırdı.
   60 ildən artıqdır o, moda aləmində öz üslubunu diktə edir. Firma hər il 20 min modeldə paltar, ayaqqabı və aksesuarları alıcılarına təqdim edir. Dünya üzrə “Pierre Cardin” məhsullarının istehsalında 200 minə qədər insan çalışır. Hazırda firmanın illik gəliri təxminən 12 milyard dollar təşkil edir.
   Bundan əlavə, Pyer Kardenin təsisçisi və rəhbəri olduğu teatr da fəaliyyət göstərir. “Time” jurnalı onu adını, demək olar ki, hər şeyin üstünə yazmağı bacaran “hiyləgər fanatik” adlandırıb. 800 müxtəlif məmulat, 8 min mağaza, 2 teatr, restoran, saat, ətir, çətir, kəmər, çanta və s. onun adını daşıyır.
   2008-ci ilin əvvəlində Parisin moda muzeyi “Galliera”da Pyer Kardenin 60 illik fəaliyyətinin nəticəsi olan 10000 məmulatdan ibarət sərgi keçirilib. O, heç vaxt satışa can atmayıb. 3500 kvadratmetrlik şəxsi muzeyindəki paltar kolleksiyaları və mebellər buna sübutdur. Onun modellərində əsas yeri parça tutur. İpəyə olan meylinə görə tənqidçilər Pyeri “ipək baronu” adlandırırlar.
   Şəxsi həyatına gəldikdə isə, vaxtilə aktrisa Janna Moro ilə evli olub. Onların tanışlığı adi paltardan başlayıb. Bir gün Jannaya paltar lazım olur. Modelyeri Koko Şanel istirahətdə olduğundan, Jannaya gənc Pyeri məsləhət görür. Beləliklə, ilk baxışdan, daha dəqiq desək, ilk paltardan məhəbbət başlanır. Lakin cütlük dörd il bir yerdə yaşayır. Jannanın səhhətində problem olduğuna görə, o, ana ola bilmir. Ayrılırlar, amma dost kimi münasibətlərini davam etdirirlər.
   O, həyatda çox istəklərinə nail olub: modelyer, milyoner, nüfuzlu mükafatların, teatrların, qonaq evlərinin, restoranların, ən əsası “Pierre Cardin” imperiyasının sahibidir. Lakin bir şeydən nigarandır: imperiyasının varisi yoxdur. Ömrünün 90-cı ilini yaşayan Pyer Karden öz imperiyasının alıcısını axtarır. Səbəbini açıqlamasa da, yəqin ki, əziyyətlə qurduğu imperiyanın gələcək sahibinin kim olacağını sağlığında görmək istəyir.
   
   Hazırladı: Səbinə Məmmədova