Dəb dünyası
   
      
   Məşhur fransız modelyeri Kristian Dior 1905-ci ildə Qranvildə (Normandiya) anadan olmuşdur. O, gübrə fabrikinin sahibi olan Morisa Diorun beşinci uşağı idi.
   

   Kristian rəssam olmaq istəyirdi, dizayner işinə marağı vardı, amma atası onun bu istəyinə qarşı çıxır. Ailəsinin istəyi ilə politologiya üzrə təhsil alsa da, sonra öz sevimli məşğuliyyətinə qayıdır. Atasının köməyi ilə kiçik bir qalereya açır. 1931-ci ildə anası dünyasını dəyişir, bir müddətdən sonra atasının şirkəti iflasa uğrayır. Özü isə vərəm xəstəliyinə tutulduğuna görə məcburiyyət qarşısında qalereyadan imtina etməli olur. Bir müddət müxtəlif moda jurnallarında rəssam işləyir.
   1946-cı ildə bəxti onun üzünə gülür. Kristian Dior Marsel Bussaka ilə rastlaşır. O, gənc rəssamı “Filipp Qaston” moda evinə direktor vəzifəsinə dəvət edir. Sonra Marsel Bussakanın dəstəyi ilə Kristian öz şəxsi moda evini açır.
   1947-ci ildə ilk dəfə nümayiş olunan kolleksiyası Diora başgicəlləndirici uğur gətirir. Geyimlərdə əsas diqqəti çəkən məqam incə bel, kiçik çiyinlər, düz və həddindən artıq enli ətəklər idi. Qısa ətəklər və kvadrat pencək geyinməyə alışmış Parisin cazibədar xanımları Diorun bu yeniliyini böyük məmnuniyyətlə qəbul edirlər. Həmin ildə Dior moda “Oskarı” ilə təltif olunur.
   On il müddətində (1947-1957) Dior hər il iki müxtəlif kolleksiya ilə ictimaiyyət qarşısına çıxırdı. Kolleksiyaya daxil edilmiş hər bir paltarın öz adı vardı. Bu geyimlərdə Parisin teatrı, operaları, ədəbiyyat və muzeyləri, hətta çiçəklərin də hansı bir xüsusiyyəti öz əksini tapırdı.
   Bir müddətdən sonra o, moda evində müxtəlif dərilərdən hazırlanmış xəz şöbəsi və “Dior ətirləri” şirkəti yaratmaq qərarına gəlir. O, hesab edirdi ki, ətir hər bir geyimin son akkordunu vuran vasitədir. İlk kəşfi “Miss Dior” olur. Bunun ardınca “Diorama”, “Diorissimo” ətirləri satışa çıxarılır. Tezliklə onun şirkəti qalstuk, əlcək, korset, çanta və hətta zinət əşyaları da istehsal etməyə başlayır.
   1953-cü ildə isə Dior ABŞ-ın tanınmış ayaqqabı ustası Roje Vivye ilə tanış olur. Bundan sonra onun kolleksiyalarında obrazları ayaqqabılar tamamlamağa başlayır. 50-ci illərin ortalarında o, böyük bir moda imperiyasına rəhbərlik edirdi.
   Kristian Dior kino sahəsinə də öz töhfələrini verib. Sahibi olduğu moda evi “Sevgi məktubları”, “Susmaq qızıldır” kimi məşhur filmlərin qəhrəmanlarına kostyumlar tikmişdi. Onun pedaqoji qabiliyyəti də var idi. İstedadlı gəncləri moda evinə dəvət edirdi. Onların arasında Pyer Karden, Jan Lui Şerrer, Frederik Kaster kimi istedadlar vardı.
   Kristian Dior 1957-ci ildə, 52 yaşında ürək tutmasından dünyasını dəyişir. Lakin bu gün onun adı təkcə məşhur modelyer kimi deyil, həm də 70 min nəfərdən artıq işçisi olan bir şirkət kimi səslənir.
   
   Hazırladı: Səbinə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar