Dəb dünyası
Məşhur “Calvin Klein” brendi 40 ildən artıqdır ki, dəb dünyasında özünə yer tutub. Brendin yaradıcısı Kelvin Kleyn (Calvin Klein) 1942-ci ildə Nyu-Yorkda anadan olub. Uşaqlıqda rəsm çəkməyi çox sevirdi. Bir müddətdən sonra nənəsindən tikiş tikməyi, anasından isə paltar biçməyi, geyim rəsmləri çəkməyi öyrənir. Artıq beş yaşından o, dizayner olmaq istəyirdi.
Kleyn orta təhsili başa vurandan sonra ali incəsənət məktəbinə daxil olur və oranı fərqlənmə diplomu ilə bitirir. Sonra Moda Texnologiya İnstitutunun məzunu olur.
1968-ci ildə Nyu-Yorkda uşaqlıq dostu Barri Şvars ilə birlikdə “Calvin Klein Ltd” şirkətini yaradır. Kleyn modellərə və yaradıcı layihələrə cavabdeh idi. Barri isə maliyyə məsələlərini həll edirdi. Şirkət əvvəlcə kişi geyimlərinin tikişi ilə məşğul idi. 1970-ci illərdə dizayner qadın moda dünyasında da öz sözünü deyir. 1978-ci ildə isə Kleyn dünyada ilk dəfə cins geyimlərini podiumda nümayiş etdirməklə dəb aləmində, sözün həqiqi mənasında, dizayn dönüşü edir. Cins geyimlərin cibində brendin adı iki böyük hərflə həkk olunurdu - CK. Avropa və Amerikada məşhurlaşandan sonra “Calvin Klein” Şərqi “fəth etməyə” doğru addımlayır, Honkonq, Cakarta və Küveytdə brendin bir neçə mağazası açılır.
“Calvin Klein” valehedici ətirləri ilə də məşhurdur. Üç dəfə “Coty” mükafatına, dörd dəfə “American Fashion Awards”a layiq görülən “Calvin Klein” ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. 1981-ci ildən bu yana brend 61 adda ətir təqdim edib. 90-cı illərin axırlarında isə “Calvin Klein” adı ilə saat, kəmər, çanta, ayaqqabı və aksesuarların istehsalı başlandı.
Kelvin Kleyn öz brendi haqqında belə deyir: “Biz hər zaman müasirliyə, zərifliyə, təbiiliyə üstünlük veririk. “Calvin Klein” müxtəlif yaşda olanlara təsir edə biləcək bir brenddir”.
Hazırladı: Səbinə Məmmədovaa