Dünya mədəni irsi
   
     
   Dünyanın özünəməxsus mədəniyyəti, zəngin sənət irsi olan ölkələrindən biri də Yaponiyadır. Yapon mədəniyyətinin tarixi min illər öncəyə gedib çıxır. Uzaq Şərqdə dörd böyük və yüzlərlə kiçik adadan ibarət bu arxipelaq-dövlət coğrafi yerinə görə də ətraf dünyadan ayrı, fərqli mədəniyyət və incəsənətini inkişaf etdirib.
   
   Yapon yazı sistemində ərəb rəqəmləri və latın əlifbası ilə yanaşı, üç ayrı işarə tipindən də istifadə olunur. Xiraqana - ieroqliflərdən və köməkçi sözlər olan kanadan istifadə etməklə yazılan əlifbadır. Kataqana - bu əlifbadan daha çox qeyri-yapon sözlərinin işlədilməsində istifadə olunur. Heyvan və bitki adlarının da çoxu da katakaqa əlifbasında yazılır.
   
   Musiqi
   
   Yaponların istər ənənəvi, istərsə də müasir musiqiləri təmtəraqlı ifa üslubu ilə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, Yaponiya dünyada ABŞ-dan sonra ikinci ən böyük musiqi bazarı hesab edilir. Bu bazarda isə yapon sənətçiləri üstünlük təşkil edir. Yerli musiqi tez-tez karaoke formasında meydana gəlir. Ənənəvi yapon musiqisi Qərb musiqisindən tamamilə fərqlənir, onun ifasında insanın nəfəsalma intervalları əsas götürülür.
   
   Memarlıq nümunələri və yapon bağçaları
   
   Yapon memarlığının da qədim tarixi var. Zaman-zaman Çin memarlığının təsirinə məruz qalıb və həmçinin yerli əhali tərəfindən müxtəlif yönlərdə inkişaf etdirilib. Ənənəvi yapon memarlığına məbədləri, Şinto kilsəsi, Kioto və Nara şəhərlərindəki qalaları nümunə göstərmək olar. Bu tikililərin bəzilərində yapon bağçaları salınıb. Bəzi müasir memarlar isə ənənəvi yapon və Qərb memarlıq elementlərini birləşdirmək üslubunda işləyirlər.
   Yapon memarlıq abidələrinin ayrılmaz və mühüm hissəsi olan bağça arxitekturası da tarixi, dini (buddizm) təsirlərdən meydana gəlib. Ümumiyyətlə, Yaponiyada bağça bir incəsənət əsəri statusuna malikdir.
   
   Ənənəvi geyimlər
   
   Yaponların ənənəvi geyimləri onları bütün dünya xalqlarından fərqləndirir. Yapon sözü olan «kimono» «nə isə bir şey geyinmək» deməkdir. İlk öncə “kimono” sözü bütün geyim növlərinə aid edilirdi. Sonralar bu adla «naga-gi», yəni «uzun-geyim» kimi tanınan paltarları adlandırmağa başladılar. Bu gün də belə paltarları xüsusi mərasimlər zamanı qadın, kişi və uşaqlar geyinirlər. Onu da qeyd etmək lazımdır ki, ailəli qadınla ailə qurmayan qadınların kimonoları fərqli olur. Bundan başqa, bu geyimlərin fəsillərə görə də stilləri dəyişir. Yapon kişilərinin çoxu kimononu yalnız evdə geyinir. Kişilərin öz evlərində qonaqları qəbul etdikləri zaman kimono geyinməsi də məqbul hesab edilir. «Happi» də yaponların ənənəvi geyim növü olsa da, kimono kimi geniş yayılmayıb. “Happi” (“Xoşbəxt palto”) uzunqollu paltoya bənzəyir. Yaponların həm də çox fərqli ayaq geyimləri var. Məsələn, “tabi” topuqdan olan uzun corabdır və tez-tez kimono ilə geyilir. “Geta” isə sandaldır və onu həm qadınlar, həm də kişilər geyinir. 

   Heykəltəraşlıq
   
   Ənənəvi Yapon heykəltəraşlığı daha çox buddist təsvirlərindən, obrazlarından ibarətdir. Bu nümunələrə Nara və Kiotoda daha çox rast gəlmək olar. Yaponiyanın ən qədim heykəli Zenko-ji məbədində olan Amitabha abidəsidir. Budda Vayrokananın ən nəhəng və məşhur bürünc heykəli Toddi-ci məbədindədir. Taxta ənənəvi yapon arxitekturasında istifadə olunan əsas material olub. Heykəllər tez-tez laklanır, zərlənir və ya parlaq rənglərlə rənglənirdi. Eyni zamanda bürünc və başqa metallardan da istifadə edilib. Daş və dulusçuluq materialları da xalq inanclarında əhəmiyyətli rola malikdir.
   
   Teatr
   
   Yaponların teatrı çoxnövlü janrları ilə fərqlənir. Bu ölkədə hələ VIII əsrdə müasir üslublu teatr yaradılıb. Paytaxt Tokio dünyanın teatr mərkəzlərindən biridir. Burada UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun bölməsi yerləşir, dünya şöhrətli teatr kollektivlərinin qastrolları təşkil edilir, beynəlxalq balet müsabiqəsi, teatr problemləri ilə bağlı simpozium və konfranslar keçirilir.
   Tokioda zəngin kolleksiyası və kitabxanası olan teatr muzeyi də var. Bu ölkə həm də möhtəşəm teatr binaları ilə diqqəti cəlb edir. Yaponiyada həm ənənəvi, həm də müasir dram, eləcə də kommersiya və müasir musiqili teatr fəaliyyət göstərir.
   
   İkebana
   
   İkebana yaponların gül incəsənətidir. Bu sənət məxsusi harmoniyasına, rənglərin istifadəsinə, ritminə və sadə zövqlü tərtibatına görə geniş şöhrət qazanıb. İkebana fəsilləri də çox gözəl ifadə edir və böyük simvolik mənası var.

   Yapon mətbəxi
   
   Yaponlar zəngin tarixi olan milli mətbəxlərini də bacarıqla və nəfis formada inkişaf etdiriblər. Son illər yapon mətbəxi nümunələri ABŞ-da, Avropada populyarlıq qazanıb. Suşi, tempura və teriyaki kimi yeməklər hər yerdə tanınır. Yapon pəhriz yeməklərinin əsasını düyü, habelə təzə, yağsız dəniz məhsulu, turşuya qoyulmuş və ya qaynadılmış tərəvəzlər təşkil edir. Belə bir inam da var ki, sağlam yapon pəhrizi bu ölkənin əhalisinin uzunömürlülüyünün başlıca şərtidir.
   
   Ədəbiyyat

   
   Yapon ədəbiyyatının erkən nümunələri Çinlə mədəni əlaqələrin və Çin ədəbiyyatının güclü təsirinə məruz qalıb. Buddizmin yayılması nəticəsində hind ədəbiyyatı da bu nümunələrə təsir göstərib. Nəhayət, yerli yazıçılar Yaponiya haqqında yazmağa başladıqdan sonra yapon milli ədəbiyyatı ayrı təşəkkül tapdı. Yaponiya XIX əsrdə öz limanlarını Qərb tacirlərinin və diplomatlarının üzünə açdıqdan sonra bu ölkədə Qərb və Şərq ədəbiyyatı güclü şəkildə bir-birilərinə təsir edərək inkişaf etməyə başladı.
   
   Populyar mədəniyyət
   
   Yaponiyanın populyar mədəniyyəti təkcə müasir dövrlə deyil, o həm də keçmişlə bağlıdır. Məşhur filmlər, televiziya proqramları, musiqi və video oyunların hər biri qədim dövrdən, ədəbi ənənələrdən yararlanıb. Populyar mədəniyyətin müasir formaları elə ənənəvi formaya bənzəyir: onlar təkcə əyləncəni ifadə etmir, həmçinin yapon sənayesinin problemlərini də göstərir. Məsələn, yaponlar arasında boş vaxtlarını necə keçirmələri ilə bağlı sorğu aparıldıqda 80 faizi televiziyaya baxdıqlarını, radio dinlədiklərini, qəzet və jurnal oxuduqlarını deyiblər.
   
   Hərbi incəsənət
   
   Yaponiya feodal dövründə samuraylar sinfi tərəfindən idarə olunub. Döyüşçülərin məşqləri zamanı bəzi metodlar tətbiq edilib. Bununla da müasir dövrdə “koryü” adlanan hərbi incəsənət yaranıb. Buna nümunə olaraq kenjutsu, kyudu, sojutsu və digərlərini göstərmək olar. Bəzi hərbi incəsənət növləri müasir dövrdə idman (döyüş) növü kimi bəzi dəyişikliyə məruz qalıb. Bu idman növləri isə hazırda Yaponiya ilə yanaşı, bir sıra ölkələrdə də yayılıb.
   
   Rəqslər
   
   Yaponların rəqsləri də qeyri-adiliyi ilə fərqlənir. Məsələn, «By» adlı yapon rəqsi qədim və orta əsrlər rəqslərini ifadə edir. Bundan başqa, yaponların orta əsrlər dövrünə aid “May” adlı rəqsləri də var ki, o daha çox teatr rəqsi hesab edilir. “Odri” isə hər şeydən əvvəl xalq rəqsidir. Rəngarəng yapon rəqslərinin təsnifatını aparmaq çətin olduğundan onları «bağlı rəqslər» adlandırırdılar.
   Əcnəbilər yapon mədəniyyəti ilə turizm vasitəsilə də tanış olurlar. Hər il bu ölkəyə milyonlarla turist gəlir.
   
   Mehparə