Dəb dünyası
Məşhur “Louis Vuitton” brendinin yaradıcısı Louis Vuitton (Lui Vitton) 1821-ci ildə Fransada dülgər ailəsində anadan olmuşdur. Atası bacarıqlı usta kimi tanınırdı və Lui də uşaqlıqdan ağac sənətinə maraq göstərmişdi.
Uzun müddət bu işdə atasına kömək edən Lui 14 yaşında Parisə gəlir. Bir müddət tanınmış sandıq ustası Marişalın yanında köməkçi işləyir və yol çamadanlarının istehsalında ona yardımçı olur. Bir müddətdən sonra isə o artıq bu sənətdə püxtələşərək peşəkar usta, dizayner kimi ad çıxarır.
1854-cü ildə çamadan satışı ilə məşğul olan ilk mağazasını açır. 1858-ci ildə isə onun boz kətan parçadan tikdiyi ensiz çamadan və çantalar gözəl dizaynı ilə alıcılar, özəlliklə dəb həvəskarları arasında populyarlıq qazanır. Bu ona inanılmaz uğur gətirir və “Louis Vuitton” markası bütün dünyaya yayılmağa başladı. Şirkət dünyanın hər yerindən sifarişlər qəbul edirdi. Hətta Afrikaya səfərə hazırlaşan fransız qrafı Savornyan de Brazzanın sifarişi ilə açılıb-yığılan çamadan (çamadan-yataq) hazırlayır.
Lui Vittonun ölümündən sonra onun uğurları övladları və nəvələri tərəfindən davam etdirilir. 1892-ci ildən şirkətə oğlu Jorj başçılıq edir. Onun uğurları isə bugünkü tarixə düşdü. Belə ki, XIX əsrin axırlarında başqa istehsalçılar tərəfindən “Louis Vuitton” adı ilə saxta mallar bazara çıxarılır. Lakin Jorj dizaynlara “LV” elementini əlavə edərək bütün saxta malların istehsalına son qoyur. Bütün dünya gerçək brendin mallarını bu işarə ilə tanıyır.
Bu gün milyonlarla insan LV elementinin əks olunduğu hər-hansı aksesuar, çanta, ayaqqabı, eynək və həmçinin 2002-ci ildən istehsal olunmağa başlamış LVMH saatlarını əldə etmək arzusundadır. “Louis Vuitton” çanta istehsalında 150 ildir əvəzolunmaz və təkrarolunmaz olaraq qalmaqdadır. Moda evi dünyada 10 minədək işçisi olan 350-dən çox firmaya sahibdir. Dünyanın 53 ölkəsində bu markanın mağazaları var və “Louis Vuitton” marka olaraq "Əvəzedilməz stil" adını almışdır.
Hazırladı: Səbinə Məmmədova