Dünya mədəni irsi
   
       
   Böyük və kiçik şəhərlər ölkəsi
   
   Şərqi Avropada yerləşən Çexiya iki tarixi vilayətdən - Bohemiya və Moraviyadan ibarətdir. Ölkənin paytaxtı Praqa şəhəridir. Çexiya dünya mədəniyyətinə və sənət aləminə zəngin irs, görkəmli simalar bəxş edib.
   
   İntibah dövrü
   
   Çexiyanın əsasını qoyan Çex və onun qızı Libuşenin nəslinin davamçısı IV Karelin (1316-1378) dövrünü ölkənin mədəniyyət və tarixi üçün intibah mərhələsi saymaq olar. Onun hökmdarlığı (1346-cı ildən) zamanında müqəddəs Vita məbədi, Karlov körpüsü, saysız-hesabsız saraylar, qəsrlər tikilib. Məhz bu dövrdə Praqada Avropanın ən qədim universitetlərindən biri açılır (1348). Çexiya tarixində təbliğatçı və islahatçı Yan Qusun (1369-1415) rolu danılmazdır. O, katolik kilsəsinin ədalətsiz mövqeyini, kasıblara qarşı münasibətini ifşa etdiyi üçün tonqalda yandırılıb.
   Çex milli oyanış hərəkatının simvollarından biri də Praqadakı Milli Teatrdır. Teatr 1881-ci ildə açılıb, lakin cəmi 1 il sonra yanğın nəticəsində dağılıb. 1883-cü ildə bərpa edilərək yenidən açılır. Teatrın dəbdəbəli binası bu gün təkcə Praqanın deyil, bütövlükdə Çexiyanın əsas tanıtım markalarından biridir.
   Qeyd edək ki, Praqanın tarixi hissəsi yeni şəhərlə kəskin ziddiyyət yaradır. Qədim şəhərdə müxtəlif memarlıq üslublarında tikililər göz oxşayır. Milli Teatr, Milli Muzey və Rudolfinum konsert zalı, böyük tamaşa zalı olan Bələdiyyə Evi və s. Yeni şəhər isə müasir meqapolisdir. Ümumiyyətlə, Çexiya böyük və kiçik şəhərlər ölkəsidir. Baxmayaraq ki, burada həm də yüzlərlə gözəl mənzərəsi olan kəndlər də var. Kənd evləri əsasən ağac (kötük) və ya kərpicdən tikilir.
   
   Çexiya mətbəxi
   
   Heyvan piyi, yağ və qaymaqdan istifadə edilməklə hazırlanan, ət, kartof və xəmirdə bişmiş almaya geniş yer verilən çex mətbəxi qurmanlar üçün ağır sayıla bilər. Yeməklərdə əsasən donuz, quş və mal ətindən istifadə olunur. Şorbalar şam yeməklərinin vacib hissəsidir. Kartof və heyvan qarnından bişirilmiş şorbalar, eləcə də mal əti və toyuq bulyonu xalqın sevimli yeməkləri sırasındadır. Kök, noxud və kələm kimi tərəvəzlərdən geniş istifadə olunur. Salatlara gəlincə, onlar mövsümi olaraq yeyilir. Çexlər şirniyyatları da çox sevirlər. Bu ölkə Avropada özünün gözəl tort və pirojnaları ilə məşhurdur. Ən çox sevilən şirniyyat isə xəmirdə bişmiş meyvədir.
   
   Köpüklü içkilər diyarı
   
   Çexlərin milli içkiləri pivədir. Ölkədə bu içkinin istehsalının qədim tarixi var. Çexlərdə pivə nəsilləri birləşdirən dəyər kimi qiymətləndirilir. Pivənin məşhur “Budvar” növü bir çox vitaminlərlə zəngindir. Onun suyu 300 metr dərinlikdə artezian quyulardan çıxarılır. Çex pivəsinin dadından həzz almaq istəyirsiniszə, xüsusi barlara gedin. Moraviya bölgəsində ev şəraitində hazırlanan şərabları da yerli əhali və turistlər çox bəyənir.
   
   Suvenirlər
   
   Xanımlar üçün ən sevimli və dəyərli hədiyyə kimi tanınan çex suvenirləri dünyada məşhurdur. Çexiya bütün dünyada özünün şüşə və büllur sənəti ilə məşhurdur. Hər bir parça fərdi şəkildə bəzədilir. Əsasən şüşə sənətini toplayan kolleksionerlər Çexiya Respublikasının Bohemiya regionundakı ustaların hazırladıqları şüşə bakalları yüksək dəyərləndirirlər. "Mozer" firmasının büllur qabları dünyanın hər yerində adından söz etdirir. Çexiyada məşhur olan daha bir aksesuar - duz hopdurulmuş güldür. Belə gül uzun müddət solmur.
   
   Bayramlar və ənənələr
   
   Çexiya xalqı dekabrın 24-də naharla başlayan Milad bayramını hər il qeyd edir. Bu nahar zamanı qonaqlar üçün cüt dəst qoyula bilər. Çünki tək rəqəm pis tale nişanəsidir. Səmada ilk ulduz görünənədək evdəki bütün işıqlar söndürülməlidir. Yalnız ulduz görünəndən sonra nahar (əslində şam) başlana bilər. Əgər yemək bitdikdən sonra kimsə masanı birinci tərk edərsə, deməli, həmin il ilk vəfat edən də o olacaq. Məhz bu səbəbdən hamı eyni vaxtda ayağa qalxmalıdır.
   Apreldə qeyd olunan Pasxa Çexiyada ən şən, ruhlandırıcı və qayğısız bayram hesab edilir. Bu zaman hər kəs qırmızı rəngdə geyinir. Çünki bu rəng yaz fəsli ilə birlikdə gələn sağlamlığı, xoşbəxtliyi, sevinci və yeni həyatı simvolizə edir. Ailələr Pasxa yumurtalarını birlikdə bəzəyirlər. Söyüdün xırda budaqları ilə gənc oğlanların qızları “şallaqlaması” maraqlı Pasxa ənənələrindəndir. Söyüd budağı hörülür və parlaq rənglərlə rənglənir. Sonra isə oğlanlar söyüd şallağı ilə qızların ayaqlarına vururlar. Bu, qədimdən qalma adətdir və hesab edilir ki, qızlara sağlamlıq və gənclik gətirir.
   Yanvarın 1-də Yeni il bayramı qeyd edilir. Bu münasibətlə hazırlanan yeməklərin sırasına mütləq donuz əti də daxil edilməlidir. Əgər həmin gün balıq və ya quş əti yeyirsənsə, bu bədbəxt taleyə gətirə bilər: sənin taleyin balıq kimi üzə və quş kimi uçub gedə bilər.
   Yanvarın 6-da isə “Üç Kral” bayramı qeyd edilir. Xüsusilə kəndlərdə oğlanlar üç müdrik insanın - Kaspar, Baltazar və Melçiorun obrazında geyinirlər. Kənd keşişinin xeyir-dua verdiyi bir parça tabaşirlə evlərinin girişi üzərinə K+B+M yazırlar. Bununla həmin ildə evlərə və ailələrə xeyir-dua verirlər. Tabaşirlə yazılan hərflər heç vaxt təmizlənməməlidir. Yalnız növbəti ildə yenisi ilə əvəz edilə bilər.
   
   Hər bir çex musiqiçidir
   
   Çexiyada musiqi çox populyar incəsənət növüdür. Dünyagörmüş insanlar deyir: “Hər bir çex musiqiçidir”. Bu deyim çexlərin musiqiyə məhəbbətini lakonik şəkildə xarakterizə edir. Çex bəstəkarları arasında Antonin Dvorjakın adı bütün dünyada məşhurdur. 1946-cı ilin may ayından bəri bir çox ölkələrin musiqiçiləri, sənətsevərləri Praqaya gəlir və burada konsert proqramlarında, musiqi tədbirlərində - “Praqa Baharı» festivalında iştirak edirlər. Dram və baletə gəlincə, o, təkcə Praqada deyil, həm də Bohemiya və Moraviyanın bir neçə şəhərində də çox gözəl təqdim olunur. Çexiyada kukla teatrlarının da zəngin ənənəsi var. XVIII əsrdən bəri səyyar fəaliyyət göstərən Çexiya kukla teatrları müasir dövrdə peşəkar sənət ocaqları kimi geniş tanınır.
   
   Praqa - turistlərin sevdiyi şəhər
   
   Daş arxitekturası Çexiya torpaqlarında hələ IX əsrin ikinci yarısından başlayır. XIII əsrdən Roma üslubu qotika üslubu ilə əvəz olundu və özünün pik nöqtəsinə çatdı. Paytaxt Praqada hər bir üsluba aid olan minlərlə memarlıq və sənət abidələri öz tarixlərinə şahidlik edir. Dar, əyri küçələrində yan-yana inşa edilən saraylar və memarlıq nümunəsi olan evlər şəhərə xüsusi gözəllik gətirir. Əcnəbi ziyarətçilər Praqanı dünyanın ən gözəl şəhərlərindən biri hesab edirlər.
   
   Rəssamlıq və heykəltəraşlıq
   
   Çexiyada rəssamlıq və heykəltəraşlığın da qədim tarixi var. Rəssamlardan ən məşhuru - Josef Manes mənzərə və portret, habelə, etnoqrafik eskizlər, illüstrasiyalar müəllifi kimi tanınır. Mikolaş Aleş, Alfons Muça kimi çex rəssamların da adları dünya sənət aləminə yaxşı bəllidir. Müasir rəssamlardan Frantişk Kupka abstrakt incəsənətin pioneri sayılır. Çex heykəltəraşları arasında Jan Strusa hər kəsi heyran edən qadın fiqurlarının müəllifi kimi tanınır.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar