Dəb dünyası
Məşhur fransız markasının yaranma tarixi 1837-ci ilə təsadüf edir. Brendin yaradıcısı Terri Hermes (1801-1878) Almaniyadan Parisə gələrək kiçik bir emalatxana açır. Kəmər, xüsusi şapkalar, atlar üçün yüyən düzəltməyə başlayır. O zamanlar zadəgan atlarının yüyəninin forması, necə bəzədilməsi onun sahibi haqqında çox şey deyirdi.
“Hermes” markasında araba ilə at təsvir edilib. Bu, şirkət üçün olduqca simvolikdir və “Hermes” şirkətinin vaxt ötdükcə necə inkişaf etdiyini göstərir. Şirkət 1920-ci illərdə qadın çantaları hazırlamağa başlayır.
Dəblə maraqlanan xanımlar “Hermes” markalı çantaya sahib olmağın nə demək olduğunu gözəl bilirlər. Markanın ikon nişanlı “Hermes Birkin və Kelly” çantalarına indinin özündə də sahib olmaq üçün xüsusi növbəyə yazılmaq lazımdır. “Hermes Kelly”in yaranması 1930-cu illərə təsadüf edir. Lakin çantanın məşhurlaşması 1950-ci illərdə Monako şahzadəsi, aktrisa Grace Kellinin adı ilə bağlıdır. O hər zaman zərifliyi, gözəl geyimi və sevimli çantası olan “Kelly” ilə diqqət çəkirdi.
Bu çantaların hər biri əl işidir və təxminən 48 saata hazırlanır. “Kelly”in fərqli dizaynı, lüks detalları və ən keyfiyyətli materiallardan hazırlanması qısa zamanda onu dünya ulduzlarının sevimli çantasına çevirdi. Onların arasında Victoriya Bekhem, Keyt Moss, Nikol Kidman, Madonna və başqa məşhurlar var. Çantaların qiymətləri isə istifadə edilən dəriyə görə dəyişir.
1878-ci ildə Terri Hermesin vəfatından sonra şirkətə oğlu Şarl Emil rəhbərlik edir. O, “Hermes”i Avropada, Asiyada və Amerikada elit təbəqəyə tanıtdırmağa nail olur. Sonra şirkəti onun övladları Adolf və Emil Moris idarə etməyə başlayırlar. “Hermes” firması müxtəlif çeşiddə əlcək, kəmər, qadın və kişi idman geyimləri, ayaqqabı, yaylıq, çanta, tekstil, mebel, saat, gümüş və ev aksesuarları və s. istehsal edərək, məşhur dizayner Pyer Hardinin dediyi kimi, “Xoşbəxtlik simvolu”na çevrilir. Hamı tərəfindən sevilən “Hermes”in ilk ətri isə 1951-ci ildə satışa çıxarılır.
2006-cı ildə “Hermes” nəslinin beşinci nümayəndəsi olan Jan Lui Düma Hermes ailə şirkətindən ayrılır. Onun yerinə köməkçisi Patrik Tomas gəlir. “Hermes” əvvəllər bir ailə şirkəti idisə, Patrik Tomas gələndən sonra bu ənənə pozulur. Amma Tomas da böyük bir mirasa sahib olan “Hermes” markasına xələl gətirməyərək şirkəti daha da yüksəldir. 175 yaşlı marka bu gün moda dünyasında lüks simvolu olaraq qalmaqdadır.
Hazırladı: Səbinə Məmmədova