Çin Xalq Respublikasının Xeyluncian əyalətinin paytaxtı Xarbin şəhərində beynəlxalq buz və qar festivalı keçirilir. 1963-cü ildən keçirilən ənənəvi festival 100-dən çox müxtəlif tədbiri, o cümlədən buz və qardan düzəldilmiş fiqurların sərgi və müsabiqəsini əhatə edir. Xarbin festivalı dünyada bu cür ən böyük 4 tədbirdən biridir.
   
   Festivalın turistlər və yerli sakinlər üçün ən çox maraq doğuran hissəsi “Buz və qar dünyası” sərgisidir. Sahəsi 600 min kvadratmetr olan bu sərgidə buzdan və qardan düzəldilmiş müxtəlif ölçülərdə 2 min heykəl-fiqur və maket nümayiş olunur. Bura hündürlüyü 2-5 metr olan heykəl-fiqurlar, habelə dünyanın müxtəlif yerlərindəki möhtəşəm tarixi abidələrin və memarlıq nümunələrinin buzdan və qardan düzəldilmiş maketləri daxildir. Maketlərin bəzilərinin hündürlüyü 50 metrə, uzunluğu 100 metrə çatır. Çin, Kanada, Rusiya, Koreya və Yaponiyadan olan ustalara bu heykəl-fiqurları və maketləri düzəltmək üçün ümumilikdə 180 min kubmetr buz və 150 min kubmetr qar lazım olub.
   Festivalın davam edəcəyi iki ay müddətində Xarbinin 26 mərkəzi küçəsini buz və qardan düzəldilmiş və işıqlandırılmış fiqurlar bəzəyəcək. Şəhər rəhbərliyi Xarbinin 58 yerində “buz və qar zonası” ayırıb. Festival müddətində 15 milyondan çox turistin Xarbini ziyarət edəcəyi gözlənilir.
   Qeyd edək ki, Xarbin dünyanın qış turizm mərkəzlərindən biri hesab olunur. Qış fəslində orta aylıq temperatur mənfi 20 dərəcə təşkil edir, temperatur bəzən mənfi 40 dərəcəyə enir. Yerli hökumət bu cür hava şəraitindən səmərəli istifadə edərək hər il milyonlarla turisti Xarbini ziyarət etməyə sövq edir. Beynəlxalq buz və qar festivalı da bu cür tədbirlərdən biridir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar