Dəb dünyası
   
      
   “Marc O"Polo” brendinin yaranma tarixi 1967-ci ilə təsadüf edir. Şirkət isveçli Gote Huss və Rolf Lind, həmçinin amerikalı Cerri (Jerry) O"Sheets tərəfindən yaradılıb.
   
   Üçlük İsveçin paytaxtı Stokholmda müştərək biznes qururlar. İlk dəfə onlar küçədə pambıq parçadan əl ilə tikilmiş köynək satan hindistanlını görəndə ağıllarına belə bir ideya gəlir. Üçlük fikirləşir ki, bizneslərini yüngül və təbii geyimlərin istehsalına yönəltsələr, uğur əldə edərlər.
   Beləliklə, məqsəd sadə, rahat və rahat olduğu qədər də gözoxşayan geyimlər tikmək olur. Müsahibələrin birində onlar belə demişdilər: “Biz pambıq, yun, kətan, ipək kimi təbii materiallardan ona görə istifadə edirik ki, bizim paltarlara gözəl görünüşü yalnız təbii materiallar verə bilir. Biz bunu çox istəyirik və bunun üçün çalışırıq. Sintetik materiallardan isə olduqca az, lakin ehtiyac duyulduqda istifadə edirik”.
   İlk dəfə 1968-ci ildə üç modeldən ibarət Marc O"Polo markasının kolleksiyası açılır. İlk gündən məhsulları böyük maraq doğurur. Bu kolleksiya onlara yaxşı gəlir gətirir. Həmin vaxtdan şirkət almanların geyim bazarına çıxır. Gote, Rolf və Cerri özləri də belə tezliklə şöhrətlənəcəklərinə inanmırdılar. Tezliklə “Marc O"Polo” brendi bütün Avropada məşhurlaşır və ən yaxşı geyim istehsalçılarının siyahısına daxil olur.
   1972-ci ildə “Marc O"Polo”nun gənc oğlan və qızlar üçün (16-22 yaş) geyimlər hazırlayan yeni istehsalat xətti açılır. Həmin il şirkət bəzək əşyalarının istehsalına da başlayır. Almaniyalı Verner Beklə (Werner Bock) əməkdaşlıq sayəsində isə şirkət 1997-ci ildə doğma İsveçdən Almaniyaya köçürülür.
   “Marc O"Polo” markası ilə rahat geyimlərdən əlavə, ayaqqabı, saat, eynək, kəmər, çimərlik paltarları da istehsal olunur. Bundan başqa, şirkət hamı tərəfindən çox sevilən Signature, Midsummer kimi qadın və kişi ətirləri istehsal edir.
   Bu gün “Marc O"Polo”nun qadın və kişilər üçün rahat, təbii materiallardan hazırlanan geyimləri 20 yaşdan 45 yaşadək, hətta gənclik həvəsli daha yaşlı insanların zövqünü oxşamaqdadır. Şirkətin İsveç, Almaniya, Finlandiya, Latviya, Niderland, Rusiya, Ukrayna və s. ölkələrdə 600-dən çox mağazası var. Baş ofis Almaniyanın Ştefanskirxen şəhərində (Münxen yaxınlığında) yerləşir.
   
   Hazırladı: Səbinə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar