Dəb dünyası
   
      
   İtaliyanın məşhur brendi “Prada” dəb dünyasına ötən əsrin əvvəllərində daxil olub. Mario Prada 1913-cü ildə Milanda kiçik bir mağazasında səyahət çantaları satmağa başlayır.
   
   Yumşaq və ekzotik dəri məhsullar Avropanın bütün zadəgan alıcılarını cəlb etməyə başlayır. O vaxt şirkət “Fratelli Prada” (“Prada qardaşlar”) adlanırdı. 1958-ci ildə Mario Pradanın vəfatından sonra isə şirkətə rəhbərlik səlahiyyətləri qızı Luiza Pradaya keçir.
   1970-ci ildə “Fratelli Prada”nın məhsulları təkcə Avropada deyil, Amerikada da görünməyə başlayır. Lakin 70-ci illərin axırlarında şirkət müflisləşməyə doğru gedirdi. Belə ki, cəlbedici görünüşünə baxmayaraq, bu çantalar böyük və ağır olduğuna görə “Fratelli Prada” şirkətinə az mənfəət gətirirdi. Bunu görən Mario Pradanın nəvəsi Miuçiya (Miuccia) Prada 1979-cu ildə ona miras qalan şirkətə yeni brend siması verir.
   1989-cu ildə Miuçiyanın ilk geyim kolleksiyasının nümayişiylə şirkət “Prada” adı ilə məşhurlaşır. Onun kolleksiyasında geyimlərin rəngləri parlaq, cəzbedici yox, əsasən qara və sakit idi. Getdikcə şirkətin uğurları daha da artır. 1990-cı illərin əvvəllərində Miuçiya günəş eynəklərinin istehsalına başlayır. Hətta Amerikada keçirilən dizaynerlərin beynəlxalq “Ən yaxşı aksesuarlar” müsabiqəsində Qran-pri mükafatına da layiq görülür. Təkrarolunmaz, unikal, orijinallığı onu yeni eksperimentlərə sövq edirdi. 1992-ci ildə Miuçiya gənclər üçün yeni istehsal xətti (“Miu Miu”) açır və o, ilk gündən gənclər tərəfindən çox sevilir. 1994-cü ildə “Prada”nın Londonda mağazası açılır. Dünyanın digər şəhərlərində, həmçinin Nyu-Yorkda şirkətin ilk kolleksiyası nümayiş olunur. “Prada” qadın və kişi geyimləri, idman geyim və aksesuarları, ayaqqabı, çanta, eynək, ətirdən başqa 2007-ci ildən “LG Electronics”lə birgə mobil telefonların da istehsalına başlayır.
   Hazırda dünyada “Prada”nın 300-dən çox mağazası var. “Prada Donna”, “Prada Uomo”, “Miu Miu”, “Helmut Lang”, “Jil Sander”, “Granello” kimi məhsullar dünyada xanımları cəlb etməkdə davam edir, çünki “Prada” həmişə olduğu kimi zərif və qüsursuzdur.
   Bu gün şirkətin baş dizayneri Luiza dünyanın 30 ən nüfuzlu adamı siyahısındadır. Ona əmlakın 1,5 milyard dolları məxsusdur. Miuçiya Prada həyatda istədiyinə nail oldu. Belə ki, indinin özündə də moda həvəskarları çalışır ki, üçkünc markalı məhsulları əldə etsinlər. Hətta Roma Papası da digər brendlər içərisində “Prada”nı seçir.
   
   Hazırladı: Səbinə Məmmədova