ç ABŞ-ın Virciniya ştatındakı Riçmond şəhərində çin əsilli rəssam Syuy Bin 50 min siqaretdən xalça "toxuyub". Pələng dərisinə bənzəyən, 199,5 kq ağırlığında xalça Virciniya İncəsənət Muzeyində nümayiş olunur. Müəllifin dediyinə görə, bu unikal əsəri yaratmaqda məqsədi insanları siqaret çəkmək kimi zərərli vərdişdən çəkinməyə çağırmaqdır.
   * * *
   ç 1794-cü ilin istehsalı olan 1 dollarlıq gümüş sikkə ABŞ-ın “Stack Bowers Galleries” hərrac evində rekord qiymətə - 10 milyon dollara satılıb. Sikkənin unikallığı ondan ibarətdir ki, onun üzərində azadlığı təcəssüm edən, ulduzların ətrafında olan saçları açıq qadın profili çəkilib. Mütəxəssislərin fikrincə, bu, ABŞ-da buraxılan ilk metal puldur və hazırda ondan yalnız bir dənə qalıb. Gümüş sikkəni “Legend Numismatic” numizmatika şirkəti alıb. Şirkət gələcəkdə onu daha baha qiymətə satmaq niyyətindədir.
   * * *
   ç Cizgi filmində adı "Şrek", həyatda isə Maurice Tillet olan bu insan peşəkar güləşçi idi. Maurice Tillet 1903-cü ildə Fransada doğulmuşdu. Güləşçi olmaqla bərabər, həm də çox qabiliyyətli insan idi, şeir yazırdı, 14 dil bilirdi. O, 20 yaşında akromelaqiya xəstəliyinə (sümüklərin inanılmaz intensivliklə böyüməsi) tutulub. “Şrek” cizgi filminin baş qəhrəmanı da məhz bu insanın əsasında canlandırılıb. Tillet 1951-ci ildə ürək xəstəliyindən vəfat edib.
 

   Hazırladı: Səbinə Məmmədova