Yaponiyada beynəlxalq qar fiqurları festivalına iki milyon insan gələcək 
   
   Fevralın 5-də Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində 64-cü qar fiqurları festivalı - “Yuki Maçuri” başlayıb. Hər ilin qış fəslində təxminən iki milyonadək insan bir həftə ərzində buzdan və qardan düzəldilmiş müxtəlif fiqurlara baxmaq üçün bu şəhərə axışır. Avrora qülləsindən başlayaraq şəhərin mərkəzi Susikino küçəsi və Odori parkı boyunca düzülmüş müxtəlif ölçülü fiqurlar Sapporonu qar kimi ağappaq nağıllar şəhərinə çevirir.
   “Yuki Maçuri” qış fəslində Yaponiyada təşkil edilən ən maraqlı tədbirlərdən biridir və burada çoxsaylı yerli və əcnəbi turistlər iştirak edirlər.
   Sapporo festivalının əsasını 1950-ci ildə şəhərin mərkəzində buzdan altı fiqur düzəltmiş məktəblilər qoyublar. Həmin vaxtdan etibarən festival Sapporonu məşhurlaşdıraraq şəhərin qış vizit kartına çevrilib və geniş şöhrət qazanıb.
   1959-cu ildə, festivalın 10 illiyi zamanı fiqurların hazırlanmasında 2500-dən artıq həvəskar heykəltəraş iştirak edib. 1972-ci ildə Sapporonun Qış Olimpiya Oyunlarının mərkəzi seçilməsi isə festival haqqında artıq Yaponiyadan çox-çox uzaqlarda, bütün dünyada məlumatların yayılmasına səbəb olub.
   Hər il fevralın ikinci həftəsi təşkil edilən Sapporo qar fiqurlar festivalı artıq məşhur beynəlxalq tədbirə çevrilib. Burada onlarla ölkədən gəlmiş həvəskar heykəltəraşların düzəltdiyi qar fiqurları nümayiş etdirilir.
   Festivalın ilk iki günü ərzində tamaşaçıların verdiyi səslərə görə tədbirin ən yaxşı fiqurları müəyyən edilir və onların müəlliflərinə xüsusi mükafatlar təqdim edilir.
   Festival çərçivəsində müxtəlif karnavallar, sərgilər, qartopu oyunu da keçirilir. Buz meydançasının qapıları konkidə sürüşərək əylənmək istəyənlər üçün açıqdır. Eyni zamanda, iştirakçılar xüsusi olaraq təşkil olunmuş yapon milli yeməkləri ilə tanış ola, xatirə hədiyyələri də ala bilərlər.
   Festivalın təşkili həm yerli, həm də çoxsaylı əcnəbi turistlər tərəfindən yüksək qiymətləndirilir. Əsrarəngiz qar heykəllərə baxmaq üçün Sapporoya gələn turistlərin sayı ilbəil artır. Festival fevralın 11-də yekun tədbiri ilə başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar