İkinci yazı
   
   Stradivarinin milyonluq yadigarı
   
   Dünya musiqi sənətində əvəzolunmaz yeri və bənzərsiz instrumental ifa imkanları olan skripkanın tarixi XVI əsrə gedib çıxır. Bu musiqi aləti italyanlar və fransızlar tərəfindən hazırlanıb və təkmilləşdirilsə də, onun mənşəyi daha qədimdir. Skripka əvvəllər başqa tərzdə ifa olunmuş, daha sonralar onu oturaq şəkildə dirsəyə qaldırılmış formada ifa etmişlər. Solo skripka ustaları isə adətən onu ayaq üstə ifa edirlər. Hətta qədim Misirdə də buna bənzər musiqi alətləri mövcud olmuşdur. XVII əsrdə sırf skripka musiqi məktəbi fəaliyyət göstərmiş, bu məktəbin öz tədris qaydaları olmuşdur.
   Dünyanın ən məşhur skripka ustası Antonio Stradivari (1644-1737) hesab olunur. Onun düzəltdiyi skripkaların qiyməti bu gün milyonlarla ölçülür. Dünyanın məşhur skripka ifaçılarına Andero Amaci və skripkada ifanın sürətinə görə üç dəfə dünya rekordlarını təzələyən Ben Lini nümunə göstərmək olar. Ben Li dünyanın ən sürətli skripka ifaçısı hesab olunur.
   Skripka türk dünyası və ərəb ölkələrində də geniş yayılmış musiqi alətidir. Azərbaycanın məşhur skripka ifaçıları Azad Əliyev, Sərvər Qəniyev, Kazbek Əliyev, Natiq Nuriyev və başqaları bu aləti respublikamızda populyarlaşdıraraq sevdiriblər.
   Bir vaxtlar Şotlandiya Milli Orkestrində violonçel çalan Devid Edvards professional musiqi karyerasını yarıda saxlayaraq miniatür musiqi alətləri düzəltməyə başlayır və bu balaca alətlərin hər birini 1000 funt sterlinqə satır. 76 yaşlı usta deyir: “İşimdən zövq alıram. Bu mənim həyatımdır. Mən dünyada bu iş üzrə ən yaxşı ustayam”.
   Yeri gəlmişkən, hər il dünyada təxminən bir milyon skripka hazırlanır. Bunun təxminən üçdə biri - 300 mini Çinin paytaxtı Pekinin payına düşür.
   
   “Mən tək kontrabasda?”
   
   “Bəxtiyar” filmində məşhur səhnə hər kəsin yadındadır. “Solo kontrabasda. İfa edir dəllək Mehdi Kazımov”. Kontrabas yayla çalınan müasir simli çalğı alətləri arasında ölçülərinə görə ən böyüyüdür, səslənmə dərəcəsinə görə isə ən aşağı registrə malikdir. Kontrabas violonçel ilə müqayisədə iki dəfə böyükdür, halbuki violonçel özü də çox kiçik deyil - o da öz növbəsində alt adlı simli çalğı alətindən iki dəfə böyükdür.
   Orkestrdə bu çalğı alətindən ilk dəfə XVII əsrdə istifadə edilmişdir. Kontrabas o qədər böyükdür ki, ifaçı onu çalmaq üçün ya ayaq üstündə dayanmalı, ya da hündür kətil üzərində əyləşməli olur. Kontrabasın yan tərəflərinin maili vəziyyətdə olması ifaçıya imkan verir ki, ən yüksək səslər çıxarmaq üçün korpusun yuxarı hissəsindən əyilərək əlini qrifin aşağı hissəsinə çatdırsın. Müasir kontrabas virtuozluq baxımından kifayət qədər mütəhərrikdir. Bu alətlə çox sürətli pasajlar eləmək mümkündür.
   Musiqidə kontrabasın çox böyük rolu var. Bas səsli partiyalar ifa edilərkən bu alət həmişə musiqi melodiyasının bünövrəsini yaradır. Orkestrdə dayaq nöqtəsi sayılan bas tonu yaratmaqdan ibarət olan əsas funksiyasından əlavə, kontrabasdan həm solo, həm də ansambl aləti kimi istifadə edilir. Caz janrında kontrabas geniş yayılmışdır. Kontrabasçının əsas vəzifəsi - harmoniyaları növbələşdirməklə əsərin əsas xəttini idarə etməkdir.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar