Əcdadlarımızın zövqü ilə yaranmış, əsrlərin sınağından çıxmış, dövrün estetik baxışlarını özündə əks etdirən milli geyimlərə dolablarımızda rast gəlmirik. Bu geyimlər əsrin o tayında, çox uzaq keçmişdə qalıb artıq.
   
   Həmin libasları indi yalnız kino və teatr tamaşalarında, konsert proqramlarında görmək olur. Təbii ki, bu, ictimai həyat tərzinin dəyişməsi nəticəsində baş verən qanunauyğunluqdur. Milli geyimlərin gündəlik geyim tərzindən çıxmasına səbəb olan amillərdən biri də dəbdir.
   Bu yazıda bir az geyim, bir az da gözəllik barədə danışmaq istərdik. Atalar geyim haqqında öz sözlərini çoxdan deyiblər: “Gözəllik ondur, doqquzu dondur”. Geyim və gözəllik - bunları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Düzdür, bəzən istisnalara da rast gəlinir. Gözəllik elə hər mənada insanı həyatdan zövq almağa çağırır, onu kədərdən və cılız işlərdən uzaqlaşdırır. Dəqiq kimin sözləridir, yadımda deyil, amma belə bir fikir də var ki, həqiqi gözəllik qarşısında zaman belə acizdir.
   İnsanların gözəlliyə münasibəti də müxtəlifdir. Kimi gözəllikdə təbiiliyi, ciddiliyi, sadəliyi sevir, kimi də mücərrədliyi. Geyim zövqlə bağlıdır. Zövq isə insanın gözəllik haqqında anlayışının nə dərəcədə formalaşdığını ifadə edən estetik məfhumdur desək, yanılmarıq. Məncə, insanda zövqün inkişafı onun həyat təcrübəsi, tərbiyəsi, dünyagörüşü, təhsili və s. ilə əlaqədardır.
   Digər tərəfdən isə zövq yad təsirlərə məruz qalır, dəyişə də bilir. Bu gün müasir gənclik elə bilir ki, təzə olan hər şeyi sevmək, onu təbliğ etmək, yaşlı nəslin iradına isə köhnəliklə yeniliyin mübarizəsi kimi baxmaq lazımdır. Gündəlik həyatımızda belə hallarla tez-tez rastlaşırıq. Kimilərinə görə əcaib saç düzümü (ələlxüsus gənc oğlanlarda) yenilik, müasirlik nümunəsidir.
   Bəzən gənclər dəb dünyasında baş verən hər bir yeniliyə çox və kor-koranə şəkildə aludə olurlar. İndi qadınların dar və gödək geyimləri dəbdədir. Yeri gəlmişkən xatırlatmaq yerinə düşərdi ki, bu geyim tərzi ötən əsrin 60-70-ci illərində dəbdə olmuşdur. Təbii ki, belə geyim kiminə yaraşır, kiminə isə yox.
   Amma bu gün bir çoxları bunun fərqinə varmadan - özlərinə yaraşdı-yaraşmadı, geyinirlər. Bununla da öz gözəlliklərinin forma və məzmun vəhdətini pozmuş olurlar. Heç kim kimsəyə “bu geyimi geymə” deyə qadağa qoya bilməz. Amma elə etmək lazımdır ki, paltar həm bədənin ahəngdarlığını, həm də öz sahibinin ədəb-ərkanını nümayiş etdirməlidir.
   Bir də hər kəs öz yaşına uyğun geyinsə, daha yaxşı olar. Yaşa uyğun libas estetik zövqün göstəricisidir. Burada Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasından bir səhnə yadıma düşür. Ahıl yaşında eşqə düşən Əliqulu təzə adaxlısı ilə görüşə gedərkən öz geyimi ilə tamaşaçıların böyük gülüşünə səbəb olur. 60 yaşlı Əliqulunun o dövrə görə balağı dar şalvar və hündür daban ayaqqabı geyməsi onu gülünc vəziyyətə salır. Təəssüflər olsun ki, bu gün də belə hallarla rastlaşırıq.
   Nə isə... qısaca da olsa, bir az geyim mədəniyyəti sahəsindəki problemlərə toxuna bildik. Qoy gözəl geyimlər, yaşa və məkana uyğun seçilmiş paltarlar soydaşlarımızı gündən-günə daha da gözəlləşdirsin, küçədə, toyda-nişanda insanların geyimi yorucu olmasın, əksinə, göz oxşasın. İnsanların geyimləri onların həyat tərzinin nümunəsidir, qoy onlar öz geyimləri ilə xoşbəxtlik və firavanlıqlarını daha da parlaq əks etdirə bilsinlər. Bir sözlə, Çexov demişkən, insanda hər şey gözəl olmalıdır.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar