İstedadlı və cazibədar aktrisa Ornella Muti (əsl adı Françeska Romana Rivelli) 1955-ci il martın 9-da Romada anadan olub. Aktrisa ana tərəfdən rus mənşəlidir, nənəsi vaxtilə Sankt-Peterburqdan Estoniyaya, anası isə oradan İtaliyaya köçüb.
   
   Atası tez rəhmətə getdiyindən Françeska 14 yaşında işləməli olur, reklamlara çəkilməyə başlayır. Böyük bacısı Klaudiya isə aktrisa olmaq istəyirdi. Lakin Françeska bu barədə heç fikirləşmirdi də.
   Bir dəfə Klaudiya qəzetdə bir elana rast gəlir. “Ən gözəl həyat yoldaşı” filmində baş rola kastinq keçirilir. Utancaq və təvazökar Klaudiya Françeskadan ona dəstək olmağı xahiş edir. Bacılar müsabiqəyə birgə gedirlər. Rejissor Damiano Damiani onların ikisinə də diqqət yetirir, lakin onun nəzərləri Klaudiyada yox, Françeskada qalır. Bununla da cazibədar və istedadlı italyan ulduzlarının sırasına yeni sima əlavə olunur. 14 yaşında kinoekranda görünən aktrisanın adı və soyadı rejissora sadə göründüyü üçün o, Françeskaya Ornella Muti təxəllüsünü seçir. Aktrisa deyir: “Deyilənə görə, adın da insan həyatında böyük rolu var. O vaxt Ornella deyə müraciət edəndə bu ad mənə yad görünürdü. Amma elə bu ad mənə həyatda uğur gətirdi”.
   O, İtaliya məşhur rejissorlarının (Moniçelli, Rozi, Ferreri, Mazelli) filmlərinə çəkilib. Çünki gözəlliyi və istedadı bütün rejissorlar tərəfindən bəyənilirdi. 1976-cı ildə “Sonuncu qadın” filmi ona dünya şöhrəti gətirir. Aktrisanı hətta sovet kinorejissoru Qriqori Çuxray "Həyat gözəldir" filminə baş rola dəvət edir. Bir çəkiliş meydançasından digərinə tələsmək onun həyat tərzinə çevrilir.
   1980-ci ildə Ornella Muti "İnadkarın ram edilməsi" filmində Adriano Çelentano ilə tərəf-müqabil olur. Digər filmlər kimi bu film də tamaşaçılar tərəfindən çox sevilir.
   Aktrisanın iki qızı və bir oğlu var. Böyük qızı Naykı 19 yaşında dünyaya gətirib. Lakin erkən hamiləliyi aktrisanın parlaq karyerasına kölgə salmır. Onun gözəlliyi, istedadı, məşhurluğu hamıda elə təsəvvür yaradır ki, Ornella həyatda heç bir problemi olmayan qadındır. Lakin bu heç də belə deyil. Aktrisanın birinci əri “Ən gözəl həyat yoldaşı” filmində onun tərəf-müqabili olmuş Alessio Oranodur, lakin onların evliliyi uzun sürmür.
   Həyatın çətinliklərinə rəğmən o, həmişə nikbin əhvalda olmağa çalışır. Çətin vəziyyətdən həmişə özü çıxış yolu tapır. O deyir: “Əgər mənim həyatımda pis hadisələr baş verirsə, mən buna layiqəm”.
   Onun ikinci həyat yoldaşı isə plastik cərrah Stefano Pikkolo olub. Onlar on il bir yerdə yaşasalar da, Ornella heç vaxt plastik cərrahiyyə üçün ona müraciət etməyib. 58 yaşı olsa da, heç kəs ona bu yaşı vermir. O, etiraf edir ki, belə cavan və gözəl qalması buddizm fəlsəfəsiylə bağlıdır.
   Stefano Pikkolodan ayrılandan sonra aktrisa Fransada yaşayır. Kino karyerasında Ornella çoxlu mükafatlara layiq görülüb. Bundan başqa, o, bizneslə də məşğul olur, 2008-ci ildən bir çox ölkələrdə zərgərlik dükanları açıb.
   
   Hazırladı: Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar