Kann kinofestivalında görüşdən sonra məşhur ispan rəssamı Pablo Pikasso onun haqqında deyib ki, “bu gözəl rus ilahəsinin gözlərində batmaq olar”. İndinin özündə də o gözləri unutmayanlar çoxdur. Söhbət Rusiyanın Xalq artisti Tatyana Samoylovadan gedir.
   
   O, 1934-cü il mayın 4-də Sankt-Peterburqda dünyaya göz açıb. Atası Yevgeni Samoylov məşhur aktyor, anası - Polşa yəhudisi Zinaida Levinoy mühəndis idi. Aleksey adında qardaşı da vardı. 1937-ci ildə ailələri Moskvaya köçür. Tatyana məktəbə getməklə yanaşı, baletlə də məşğul olur. Məşhur balerina Maya Plisetskaya onun istedadını görür və Böyük Teatrın nəzdində balet məktəbində oxumağa dəvət edir. Amma atasının oynadığı rollarla tərbiyələnən Tatyana aktrisa olmaq istəyirdi. Elə bu istəklə də 1953-cü ildə B.Şukin adına Teatr Məktəbinə daxil olur. Lakin burada cəmi üç il təhsil alır. Məktəbdə gələcəyin məşhur aktyoru Vasili Lanavoyla tanış olur. Tanışlıqlarının maraqlı tarixçəsi də var. Bir dəfə Vasili ona yaxınlaşıb soruşur ki, “sən kimsən?”. Tatyana da cavab verir ki, “mən atamın və anamın qızıyam”. Beləliklə, məhəbbətləri başlayır və onlar evlənirlər.
   1955-ci ilin yayında Tatyana “Meksikalı” filmində Mariya roluna dəvət alır. Çəkilişlər Odessada aparılır. Həmin dövrdə tələbələrə təhsil ala-ala kinoya çəkilmək qadağan idi. Qadağanı pozanların diplom işi qəbul olunmurdu. Tatyana məktəb rəhbərliyinin qəzəbinə tuş gəlir və 1956-cı ildə təhsil ocağını tərk edir.
   Həmin il rejissor Mixail Kalatozov “Durnalar uçur” filmini çəkməyə başlayır. Baş rola əvvəlcə sovet kino ulduzu Yelena Dobronravova nəzərdə tutulsa da, ikinci rejissor istedadlı tələbə Tatyananı filmə dəvət edir. Tatyana Veronika roluna çəkilir və bununla da sənət ulduzu parlayır. Dramaturq Viktor Rozovun “Əbədi sağ olanlar” pyesinin motivləri əsasında çəkilən “Durnalar uçur” filmi böyük şöhrət qazanır. Ekran əsəri 1958-ci ildə Kann kinofestivalının baş mükafatına (“Qızıl palma budağı”), Tatyana isə “Ən təvazökar və cazibədar aktrisa” adına layiq görülür.
   Şöhrət tacı ilə Moskvaya qayıdan Tatyana Dövlət Teatr Sənəti İnstitutuna (QİTİS) qəbul olunur, Mayakovski və Vaxtanqov teatrlarında işləməyə başlayır. Bundan sonra bir neçə filmdə (“Göndərilməyən məktub”da Tanya (1959), “Luis Qarros dost axtarır”da Nataşa (1960) və s.) çəkilir. 1967-ci ildə “Anna Karenina” filmində baş rolu ilə yenidən diqqət mərkəzinə gəlir. Sonralar müəyyən fasilələrlə daha 10-dan çox filmdə rol alır.
   Sənət həyatı uğurlu olsa da, şəxsi həyatı barədə bunu demək mümkün deyil. 1958-ci ildə o, Vasilidən ayrılır. Tatyana bu ayrılığı Vasilinin həddindən çox işləməsi, evdə az-az olması ilə izah edir. Anası Tatyanaya məsləhət verir ki, ailəsini qorumaq istəyirsə, bir müddət ayrı yaşasınlar. Cütlük də özlərini sınamağa qərar verir, amma nəticəsi olmur və evlilik sona çatır.
   Məşhur aktrisa bundan sonra daha üç dəfə ərə gedib. 1959-cu ildə Parisdə “Luis Qarros dost axtarır” adlı sovet-fransız filmində Nataşa roluna çəkilir və Fransaya ikinci həyat yoldaşı, yazıçı Valeri Osipovla gedir. Onlar birgə 10 il ömür sürürlər.
   Sonra Tatyana işlədiyi teatr studiyasında inzibatçı çalışan Eduard Moşkoviçlə ailə qurur. 1969-cu ildə Dmitri adlı oğulları dünyaya gəlir. Beş il yaşadıqdan sonra ayrılırlar. Aktrisa sonuncu dəfə jurnalist və rejissor Solomon Şulmanla ailə həyatı qurub, lakin bu evlilik də cəmi dörd il davam edib.
   Bir çox mükafatlara, Rusiyanın Xalq artisti adına (1992) layiq görülən, bu günlərdə 79 yaşını qeyd edən Tatyana Samoylova bir müddət xəstəlikdən əziyyət çəkib, müalicə alıb. İndi özünü yaxşı hiss edir. Rusiyada tibb təhsili aldıqdan sonra ABŞ-a işləməyə gedən və orada evlənən oğlu Dmitrinin köməyindən razıdır. Aktrisanın bir nəvəsi də var, artıq məktəbə gedir.
   
   Hazırladı: Səbinə Əlibalaqızı