Bu, Salvador Dalinin son vəsiyyəti idi
Sürrealizmin ən məşhur nümayəndələrindən biri, məşhur ispan rəssam Salvador Dali 1904-cü il mayın 11-də, 6 yaşında sətəlcəmdən ölən qardaşından 3 il sonra dünyaya göz açmışdı.
O, uşaqlığını bu sözlərlə yada salırdı: “Məni sevdiklərini söyləsələr də əslində onu sevirdilər, bəlkə də məndən daha çox sevirdilər... Bu mənim üçün həyatımın böyük bir yarası idi”. Valideynlərinin ona qoyduqları ad da vəfat edən qardaşının adı idi - Salvador.
Valideynləri heç vaxt Salvadora diqqət göstərmirdi. O isə valideynlərinin diqqətini çəkmək, fərqliliyini ifadə etmək üçün cidd-cəhdlə çalışırdı və bu onda artıq xəstəlik halına gəlmişdi. 10 yaşında çəkdiyi “Xəstə uşaq” rəsmi də belə yaranmışdı.
Salvadorun istedadı kəşf ediləndən sonra rəssamlıq kursuna göndərildi. Yaxşı müəllimlərdən dərs aldı, rəssamlığın müxtəlif cərəyanlarını dərindən öyrəndi, tanınmış rəssamlarla, elm adamları ilə tanış oldu. Amma çılğınlığı, uşaqlığından qalma hissi - diqqətləri cəlb etmək istəyi ona həm böyük problemlər yaratdı, həm də məşhurlaşdırdı. Rəssamlıq Akademiyasından qovulmağına da səbəb bu oldu, heç kim onun nazına dözə bilmirdi, ərköyün, eqoist hərəkətləri, qarşısına çıxan hər kəsi əsəbiləşdirməsi artıq hamını bezdirmişdi. 1926-cı ildə çətinliklə də olsa, yenidən akademiyaya qəbul edildi, amma çox keçməmiş onu buradan birdəfəlik qovdular.
Dalinin Fransaya, İngiltərəyə getməsi onun həyatını dəyişdi. Məşhur psixoanalitik Ziqmund Freydlə, yazıçı Stefan Sveyqlə, rəssam Pablo Pikasso ilə tanış oldu, şair Qarsia Lorka ilə dostlaşdı. Beləliklə, həm zahiri görünüşü, həm də daxili bütünlüklə dəyişdi.
Salvador 1926-cı ildə tanış olduğu rusiyalı vəkilin qızı, tanınmış şair Pol Elüarın həyat yoldaşı Qalaya dəlicəsinə vuruldu. Qadın da ona vurulmuşdu. İkisi də dəlisov, riskli, bir an üçün yaşayan adamlar idi. Təəccüblü deyil ki, bir-iki ay keçməmiş Qala ərini tərk edib Salvadorla yaşamağa başlayır... Salvadorun dəli kimi sevdiyi bu qadın ondan 10 yaş böyük idi. Amma onların arasında coşqun bir eşq yaşanırdı. Bundan sonra Qala Salvadorun ilham pərisi, modeli, meneceri, bir sözlə, hər şeyi olacaqdı. Amma bir şey də dəqiq idi ki, Salvadorun dəlilikləri heç vaxt tükənməyəcəkdi.
Rəssamlığın sürrealist janrında möhtəşəm əsərlər yaradan Dali incəsənətin, demək olar ki, bütün sahələrinə göz dikmişdi. Heykəltəraşlıq, fotoqrafiya və kino ilə ciddi şəkildə maraqlanırdı. Hətta məşhur amerikalı animator Uolt Disneylə birgə “Destino” adlı qısametrajlı film hazırlamışdı və bu film “Oskar” mükafatına namizəd olmuşdu.
1982-ci ilin iyununda Qalanın vəfatından sonra Salvador Dali həyata olan sevgisini itirdi. Qalanın dəfn edildiyi Pubol qəsrinə köçərək sakit həyat yaşamağa başladı. “Sərçənin quyruğu” adlı son əsərini də burada çəkdi.
Dali 1989-cu il yanvarın 23-də ürək çatışmazlığından vəfat etdi və doğulduğu Figeres şəhərində öz adını daşıyan teatr-muzeydə, döşəmənin altında dəfn edildi. Bu onun vəsiyyəti idi. Rəssam istəmişdi ki, insanlar onun məzarı üstündən keçə bilsinlər.
O, sağlığında demişdi: “İnanmıram ki, Dali nə vaxtsa öləcək, unudulacaq...” Dahilər unudulmurlar.
Hazırladı: Lalə Azəri