Fransanın məşhur teatr və kino aktrisası, müğənni Marina Vladi Parisin və Monte-Karlonun opera artisti Vladimir Polyakov-Baydarovun dörd qızından sonbeşiyidir. Atası Moskva Konservatoriyasını bitirsə də, I Dünya müharibəsi başlayanda könüllü olaraq Fransaya döyüşməyə gedir, çünki dul anasının yeganə oğlu olduğundan ruslar onu cəbhəyə göndərmir.
   
   Pilot kimi döyüşlərdə iştirak edən Vladimir şücaətinə görə təltif olunur. Müharibədən sonra Fransada qalır, yaxşı səsi olduğuna görə Paris operasına işə qəbul olunur. Marinanın anası Milisa Envald isə mühacir rus generalının qızıdır, ailələri 1919-cu ildə Belqrada köçüb. Balet aktrisası olan Milisa Belqradda Vladimirlə tanış olur, evlənirlər.
   Marina Vladi 1938-ci il mayın 10-da Fransada dünyaya göz açıb. 13 yaşında atası rəhmətə gedir. Atasının ölümü ona pis təsir edir. Elə “Vladi” təxəllüsünü də atasının ölümündən sonra götürür. Marina həmişə deyir ki, fransız pasportlu rus vətəndaşıdır.
   Onun kinoda debütü 1949-cu ildə “Yay şimşəyi” filmində epizodik rolla başlayır. Bundan sonra İtaliya və Fransa filmlərində bir neçə kiçik rol ifa edir. 1955-ci ildə, 17 yaşında rejissor Andre Mişelin “Cadugər” filmində baş rola çəkilir. Filmdə qadın romantikliyini və cazibədarlığını nümayiş etdirməklə geniş tamaşaçı sevgisi qazanır. Tezliklə Marinanın şöhrəti sovetlər ölkəsinə - Rusiyaya da gəlib çatır.
   İlk nikahı məşhur rejissor və aktyor Robert Osseyn ilə olur, iki oğulları dünyaya gəlir. Lakin bu evlilik uzun çəkmir. Sonra pilot və aviaşirkət sahibi olan Jan Klod Brue ilə ailə qurur, Vladimir adlı oğlu dünyaya göz açır. Nəhayət, üçüncü dəfə məşhur rus aktyoru, şair və ifaçı Vladimir Vısotski ilə ailə qurur. Onların tanışlıq tarixçələri də maraqlıdır.
   1967-ci ildə Marina Moskvada keçirilən beynəlxalq kinofestivala gələndə hələ də rus tamaşaçısının sevimli “Cadugər”i idi. Vısotski ilə görüşü də burada olur. Taqanka Teatrının gənc aktyoru hələ 12 il əvvəl Marinanı “Cadugər” filmindən bəyənmişdi. İşlədiyi teatrın rejissoru Yuri Lübimova bu qadının onun olacağını söyləmiş, Vladimir Vısotski isə şansından istifadə etmişdi. Festivalın qonaqlarını Taqanka Teatrında “Puqaçov” tamaşasına baxmağa gətirirlər. Vladimir tamaşada Xlopuşi rolunu oynayır və təkrarsız oyunu ilə Marinanı tilsimləyir. Sonralar bu görüş barədə xatirəsini danışan gözəl aktrisa deyir ki, tamaşadan sonra ziyafətdə hiss edir ki, kimsə ona diqqətlə baxır. Marina işıqlı və boz gözləri görür, onlar bir-birlərinə baxaraq gülümsəyirlər. Sonra da Vladimir aktrisaya yaxınlaşıb əllərindən tutur və yanında əyləşir: “Gözlərimiz isə heç bir-birindən ayrılmırdı, nə isə maqnit kimi bizi çəkirdi...”
   Marina ilə Vladimir evlənirlər. Bu, onların hər iksinin üçüncü nikahı idi. Vladimir Vısotskinin əvvəlki nikahından iki, Marina Vladinin üç oğlu vardı. Marinanın köməkliyi ilə Vısotski Avropada da tanınmağa başlayır. Qərbdə Vısotskinin albomları çıxır, yayılır, sevilirdi. Bu illər ərzində Marina həmişə Vısotskinin həyatının dinamik ritmini dəyişməyə çalışır, amma alınmır. Onların evliliyi 12 il davam edir. 1980-ci ildə Vısotskinin ölümü Marina üçün ən çətin sınaq olur.
   1980-90-cı illərdə Marina Vladi Fransa, İtaliya, İspaniya, İngiltərə Rumıniyada televiziya filmlərinə çəkilir, tamaşalarda oynayır, estradada oxuyur, bir neçə albom çıxarır. Bundan başqa “Bermud üçbucağının sirri”, “Yanar göy”, “Moskvada tvist” və başqa filmlərdə rol alır.
   1987-ci ildə “Vladimir və ya dayandırılmış uçuş” adlı məşhur romanını yazır. Kitab bir çox dillərə tərcümə olunur.
   Vladimir Vısotski onun ilk heyranı deyildi. Marina “Saniyədə 24 kadr” adlı memuarlarında pərəstişkarları haqqında belə deyir: “Mən Vladimir Vısotskidən başqa “Sevgi günləri”ndə tərəf-müqabilim olan Marçello Mastroyaninin, “Qara lələklər”ində birgə çəkildiyim Marlon Brandonun, rejissorlar Orson Uels və Cüzeppe de Santis kimi adamların başlarını gicəlləndirmişəm”.
   Gözəl aktrisa 1963-cü ildə Kann kinofestivalında “Müasir tarix və ya arıların şahzadəsi” filmində roluna görə “Ən yaxşı qadın oyunçu” mükafatına, 2012-ci ildə isə xaricdə rus dili və mədəniyyətinin qorunması, təbliği ilə mədəni əlaqələrin inkişafında görkəmli xidmətlərinə görə Rusiya Federasiyasının “Puşkin” medalına layiq görülüb. 2006-cı ildə Yekaterinburqda Vladimir Visotski və Marina Vladinin abidəsi də ucaldılıb.
   75 yaşını qeyd edən aktrisa hazırda Parisdə yaşayır. Müsahibə verməyi xoşlamır. Kitab yazmağı, rus klassiklərini, xüsusən də Anton Çexovun əsərlərini təkrar oxumağı çox sevir...
   
   Hazırladı: Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar