Bir zaman SSRİ-də də maraqla izlənən teleserialın qəhrəmanı olub, çoxlarının sevimlisinə çevrilib. Söhbət komissar Korrado Kattanidən - məşhur italyan aktyoru, rejissor, prodüser Mikele Plaçidodan gedir.
Mikele Plaçido 1946-cı il mayın 19-da İtaliyanın cənubundakı Askoli-Satriano şəhərində kasıb ailədə dünyaya göz açıb. Ailədə ondan savayı yeddi uşaq böyüyürdü. Əvvəlcə kilsə məktəbində oxuyan Mikele sonra kollecdə təhsilini davam etdirir. Uşaqlıqdan aktyor olmaq istəyirdi. Artıq hərbi xidmətdə olarkən bu barədə qəti qərara gəlir. Bəxti də gətirir. Hərbi xidməti Romada polis sistemində keçirdi. Qulluğunu davam etdirməklə yanaşı, Milli Teatr İncəsənəti Akademiyasına imtahan verir və qəbul olur.
Plaçido ilk dəfə 25 yaşında “Piçotto” televiziya filminə dəvət alır və film uğur qazanır. Sonralar Moniçelli, Rozi, Belokkio, Lidzani, Komençini kimi məşhur rejissorlarla işləyir.
1974-cü ildə Mario Moniçellinin “Xalq romanı” komediyasında oynadığı rolla tanınır. Sonra “Zəfər marşı” (1976), “Ernesto” (1978, Berlin kinofestivalının mükafatçısı), “Üç qardaş” (1981) və başqa filmlərdə bir-birindən maraqlı rollar oynayır.
“Sprut” teleserialındakı komissar Korrado Kattani rolu isə ona dünya şöhrəti gətirir. Teleserialın rejissoru Damiano Damiani 1984-cü ildə bu filmi çəkməyə başlayanda əvvəlcə Kattani rolunu italyan aktyoru Franko Herona təklif etmək istəyir, sonra nədənsə fikrindən daşınaraq Mikele Plaçidonu dəvət edir.
Sonralar Mikele Plaçido etiraf edir ki, bu rola çox da hazırlıqlı olmayıb, lakin rejissor onu inandırıb ki, o, rolu gözlədiyindən də yaxşı oynayacaq. “Səni səndən yaxşı tanıyıram”, - deyən rejissor Mikele Plaçidoya inanır və çəkilişlərdə həmişə ona təskinlik verir. Bu inam da özünü doğruldur. Mikele Plaçido bu serialda dörd mövsüm - ümumilikdə 48 seriyada oynayır. Aktyor müsahibələrinin birində rejissora serialda Kattanini öldürməyi özünün təklif etdiyini də deyib və bu “ölümə” görə karyerasında yüksəldiyini vurğulayıb.
Mikele Plaçido 1991-ci ildə Vladimir Bortkonun “Əfqan çatı” filmində desantçı rus zabiti mayor Mixail Bandura roluna çəkilir. Çəkilişlər Tacikistanın dağlarında aparılır. Aktyor bu filmin çəkilişi zamanı təhlükə ilə üzləşir. Yaradıcı qrup dağlarda çəkilişdən qayıdanda silahlı kütlənin əhatəsinə düşür. Oradan birtəhər canlarını qurtarıb aeroporta gedirlər.
Məşhur aktyor 1990-cı illərdə rejissorluqla da məşğul olmağa başlayıb, indiyədək 10-dan çox film çəkib.
Plaçidonu Romada tapmaq çox asandır. Çünki o, çox mehriban, ürəyiaçıq adamdır. Hamı ilə ünsiyyətə girməyi xoşlayır. Xasiyyətcə nə qədər sakit, mülayim olsa da, cəsur, qəddar, qorxmaz insan obrazlarını məharətlə oynayır. Şəxsi həyatı haqqında danışmağı isə xoşlamır.
Yeri gəlmişkən, aktyor iki dəfə ailə həyatı qurub. Birinci dəfə aktrisa Simonette Stefanelli ilə evlənib, bu nikahdan üç uşaqları dünyaya gəlib. İkinci dəfə isə Federika Vinçenti ilə həyatını bağlayıb. 60 yaşında yenidən ata olan aktyorun Gabriel adında oğlu dünyaya gəlib. O vaxtdan İtaliya və Fransada kinorejissorluqla məşğul olan Plaçido hazırda teatrda “Kral Lir” tamaşasında oynayır.
Mikele Plaçido geriyə baxmağı, keçmiş barədə danışmağı xoşlamır, gələcək barədə daim nikbin düşünməyə çalışır. Bu yaxınlarda 67 yaşını qeyd edən aktyor deyir ki, hazırda öz işi və ailəsi ilə məşğuldur: “Altı övladım var, böyük qızım Violante Plaçido aktrisadır, mənim yolumu davam etdirir”.
Hazırladı: Səbinə Əlibalaqızı