Yaponiyanın qədim paytaxtı Kyotoda hər il keçirilən ənənəvi Gion maçuri festivalı öz əzəməti ilə seçilir. Adı qədim sintoist məbədi Yasakanın yerləşdiyi Gion məhəlləsindən götürülmüş festivalın maraqlı tarixçəsi var. Deyilənlərə görə, festival 869-cu ildə paytaxtda yayılan vəba epidemiyasının qarşısının alınması şərəfinə imperatorun fərmanı ilə qeyd olunmağa başlayıb.
   
   Gion festivalı hər il iyulun 17-dən 24-dək qeyd edilsə də, hazırlıq işlərinə bir ay əvvəldən başlanılır. Bayrama üç gün qalmış Kyotonun mərkəzi küçəsində piyadaların sərbəst hərəkətinə icazə verilir. Küçələrdə və metronun bayram keçirilən ərazilərə yaxın stansiyalarında ənənəvi yeməklər - yakitori, taiyaki, takoyaki, okonomiyaki, paxladan hazırlanmış şirniyyat və digər milli qida məhsulları satılır.
   Gion maçurinin əsas atributları isə böyük döyüş arabaları və kəcavələrdir. Bir çoxu əsl sənət əsəri olan arabalar taxta təkərlər üzərində hərəkət edir. Platforma üzərində qurulmuş karkas samandan hazırlanmış iplər vasitəsilə bərkidilir və səthinə rəngarəng ipək və qobelen çəkilir. Hər arabanı ağ paltar geyinmiş iki kişi idarə edir. Arabanın damında isə bayramsayağı geyinmiş kişilər oturaraq tamaşaçılara sağlamlıq rəmzi olan bambuk yarpağına bükülmüş saman topası - “timaki” atırlar. Arabanı uzun və yoğun kəndirlər vasitəsilə kişilər dartıb aparırlar. Taxta dirəklər üzərində qurulmuş və çəkisi 1,2-1,6 ton olan kəcavələri isə 12 və ya 24 nəfərdən ibarət dəstə aparır. Bu kəcavələrin üstündə yapon nağıllarının qəhrəmanlarını xatırladan manekenlər qoyulur.
   Yaponiyanın bir çox şəhərlərində ənənəvi bayramların yaranmasına təkan vermiş Gion maçuri həm yerli əhali, həm də turistlər tərəfindən böyük maraqla qarşılanır. Bayramı izləmək üçün hər il bir milyonadək tamaşaçı toplaşır.