“Eh, heç soruşmayın, Yusif. Bu lap “Min bir gecə” nağılına bənzəyir. Bilirsinizmi, əvvəlcə məni qaçırdılar. Sonra da Saşanı qaçırdılar. Budur, bax, mən tapıldım, amma, Saşa isə...”
Bu sözlər çoxlarımızın sevərək baxdığımız “Bəxtiyar” filmində Saşanın bibisi Natalya Alekseyevnaya və ya daha dəqiq desək, keçmiş SSRİ-nin bir çox kinolentlərində yaşlı qadın rollarını canlandıran, sevimli “sovet nənəsi”, SSRİ Xalq artisti Tatyana Peltserə məxsusdur.
Tatyana Peltser 1904-cü il iyunun 6-da Moskvada dünyaya göz açıb. Anası yəhudi, atası isə alman əsilli aktyor və rejissor İvan Peltser olub. Aktyorluq sənətinin ilk sirlərini atasından öyrənib. İvan Peltser evdə kiçik səhnəciklər düzəldir, balaca Tatyana isə müxtəlif rollar oynayırdı. Peşəkar aktyorluq fəaliyyətinə isə 1920-ci ildən başlayır. 1920-21-ci illərdə ezamiyyətlə Naxçıvan teatrında, 1923-cü ildən isə “Mossovet” teatrında işləməyə başlayır. 1927-ci ildə Moskvada təhsil alan alman kommunisti və filosof Qans Teyblerlə tanış olur və elə həmin ildə onlar ailə qururlar. 1930-cu ildə Berlinə köçürlər.
Məşhur rejissor Ervin Piskator eşidəndə ki, Qans Teyblerin həyat yoldaşı aktrisadır, o, Tatyananı öz teatrına dəvət edir. Lakin Qansla onun evliliyi uzun sürmür və onlar ayrılırlar. Cütlük boşansa da ömürlərinin sonuna qədər dost olaraq qalmağı bacarırlar.
Aktrisa boşanandan sonra Moskvaya, qardaşı ilə atasının yanına qayıdır və keçmiş teatrında işləməli olur. II Dünya müharibəsində isə alman əsilli aktrisa bir müddət teatrdan uzaqlaşdırılır, qardaşı isə ölkədən qaçmalı olur. Bir müddətdən sonra xəstə atası rəhmətə gedir.
1947-ci ildə Tatyana Pletser Satira Teatrına gəlir və burada uzun müddət bir-birindən maraqlı rollar oynayır. “Cehizli toy” tamaşası ona böyük şöhrət qazandırır. “Əsgər İvan Brovkin” filmində canlandırdığı ana roluna görə aktrisa “rus əsgərinin anası” tituluna layiq görülür. 100-dən çox filmə dəvət alan aktrisa 1955-ci ildə Bakı kinostudiyasında “Bəxtiyar” filmində də oynadığı rola görə çoxlarının məhəbbətini qazanır.
1960-70-ci illər Pletser üçün uğurlu illər olur. O, Aleksandr Rou, Mixail Yuzovski, Mark Zaxarov kimi məşhur rejissorların film və tamaşalarında rol alır. Bir çox mükafatlarla təltif edilən aktrisa 1972-ci ildə SSRİ Xalq artisti adına layiq görülür. Bundan sonra Pletser deyirdi ki, “mən çox xoşbəxt qocayam”.
1977-ci ildə Lenkom Teatrına gələn aktrisa burada Mark Zaxarovun tamaşalarında məharətlə oynayır. Onun sənət həyatında çox uğurlar olsa da, şəxsi həyatı haqqında bunu demək çətindir. Çoxları onu elə yaratdığı obrazlarla - yaşlı ana, nənə, xala, qonşu, müəllimə kimi sevir.
Tatyana Pletser 1991-ci ildə əsəb sarsıntısı keçirərək xəstəxanaya düşür və 1992-ci il iyulun 16-da vəfat edir. Dəfn edilən zaman qəbiristanlıqda gülsatan qadın eşidəndə ki, sevimli aktrisa dünyasını dəyişib, güllərin hamısını mərasimə gələnlərə paylayır...
Hazırladı: Səbinə Əlibalaqızı