Dünya rəssamları
   
      
   İyulun 15-i dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri - məşhur holland rəssamı və qrafiki Rembrandt Harmens van Reynin doğum günüdür.
   Bütün dahilər kimi o da sənətinin fövqünə qalxdı, həyatın ən şirin və ən acı anlarını yaşadı. Əksər dahilər kimi ömrünün sonunu səfalət və kədər içərisində keçirdi. Amsterdamdakı yurdsuzlar qəbiristanlığında dəfn olunan rəssamın ölümündən 343 il sonra tapılan bir əsərinə isə ilkin hərracda 125 milyon dollar qiymət qoyuldu.
   Rembrandt Harmens van Reyn 15 iyul 1606-cı ildə Leydendə dəyirmançı ailəsində dünyaya gəlib. Bir müddət Leyden Universitetində oxuyandan sonra Yakob van Svanenburxdan və Piter Lastmandan rəssamlıq dərsləri alır. Rəssam 1632-ci ildə Amsterdama köçür. Burada Rembrandtın Saskiya van Eylenburx (1634-42), sonra isə Hendrikye Stoffels (1649-63) ilə evliliyi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərir.
   1630-1640-cı illər Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları sayılır. Rəssam bu illərdə qrup portretlər ustası kimi şöhrət qazanır, külli miqdarda sifariş alır və yanına çoxlu şagirdlər gəlir. Rembrandt yaratdığı portretlərdə - məsələn, “Doktor Tülpün anatomiya dərsi”ində obrazların səciyyəvi cizgilərini məharətlə verə bilir. Bu dövrdə çəkdiyi süjetli kompozisiyalarda - “Çarmıxdan endirilmə”, “İbrahimin qurban verməsi”, ”Danaya”, “Samsonun gözlərinin çıxarılması” əsərlərində bir tərəfdən barokko incəsənətinə xas dekorativ əlamətlər, digər tərəfdən isə obrazların realist şərhi özünü büruzə verir.
   
   Uğursuzluq gətirən “Gecə gözətçiləri”
   
   1642-ci ildə Rembrandt “Gecə gözətçiləri” əsərini başa çatdırır. Lakin tablo atıcı rotası zabitlərinin etirazına səbəb olur. Çünki sifarişçilərin gözlədiyi adi qrup portreti əvəzinə Rembrandt holland xalqının azadlıq mübarizəsini yada salmaq məqsədilə, hərbi yürüşə hazırlaşan, qəhrəmanlıq pafosu ilə aşılanmış atıcı dəstəsi kompozisiyasını yaratmışdı. Bundan sonra Rembrandtın sənəti ilə Hollandiya burjuaziya cəmiyyətinin tələbatı arasında münaqişə yaranır. Demək olar ki, sifarişlərin arası tamamilə kəsilir, şagirdləri bir-bir emalatxananı tərk etməli olur. Bu hadisə və eləcə də dərin məhəbbətlə sevdiyi Saskiyanın ölümü (1642) Rembrandtın yaradıcılığını tənəzzülə uğradır.
   Bundan sonra rəssam başlıca olaraq Bibliya süjetləri əsasında kompozisiyalar üzərində işləməyə başlayır. “David və İonafan”, “Müqəddəs ailə”, “İsa öz şagirdləri ilə Emmaüsda” kompozisiyalarını, “Dəbilqəli qoca” portretini və ”Qış mənzərəsi”ni çəkir.
   Rembrandtın yaradıcılığı daha çox psixologizmi ilə fərqlənir. O, işıq-kölgə effektlərinə üstünlük verir. Rəssam 60-a yaxın avtoportretin müəllifidir.
   
   Başıbəlalı “Danaya”
   
   “Danaya” Rembrandtın 1636-cı ildə yağlı boya ilə yaratdığı əsərdir. Vaxtilə Pierre Crozat kolleksiyasında olmuş məşhur tablo XVIII əsrdən Peterburqdakı Ermitaj muzeyində saxlanılır.
   Tabloda yunan mifologiyasında Perseyin anası olan Danaya təsvir olunur.
   Rembrandt daha sonra “Danaya”nın üzünü dəyişdirərək məşuqəsi Gertye Dirksin üzünə çevirmişdi. Rembrandtın ən dəbdəbəli əsərlərindən olan bu tabloya böyük ehtimalla rəssam tərəfindən də böyük əhəmiyyət verilmişdir. Ancaq rəsmin nisbətən böyük ölçülərdə olması satılmasını çətinləşdirmişdir.
   Rembrandtın bu tablosu 1985-ci il iyunun 15-də Ermitajda bir vandalın hücumuna məruz qaldı. Rəsmin üzərinə sulfat turşu tökən təcavüzkar tablonu iki yerindən bıçaqlamışdı. Bu vandalizmi həyata keçirmiş 48 yaşlı litvalı Bronyus Mayqisin şizofrenik olduğu üzə çıxdı və o, 6 il psixiatriya xəstəxanasında yatmalı oldu.
   Tablonun bərpasına həmin gün başlandı. Kimyagərlərlə məsləhətləşən təmirçilər əvvəl tablonun səthini su ilə yuyaraq təmizlədilər. Tablo dik vəziyyətdə tutularaq üzərinə su püskürdüldü və beləcə zərərin daha da dərinləşməsinin qarşısı alındı. Tablonun bərpa işləri ümumilikdə 12 il sürdü və “Danaya” 1997-ci ildə yenidən ziyarətçilərə təqdim olundu.
   Rembrandt 1650-ci illərdə irifiqurlu obrazları, xüsusilə monumental “Yaqub Peyğəmbərin Yusifin oğlanlarına xeyir-dua verməsi”, “Yansiyasi, Amsterdam: qardaşı arvadının portreti”, “Qırmızı geyimli qocanın portreti”ni yaradır.
   Çoxlu borcu olduğundan 1657-58-ci illərdə rəssamın bütün əmlakı hərraca qoyularaq satılır. Bu hadisədən sonra Rembrandt Amsterdamın yəhudi məhəlləsinə köçür, ömrünün son illəri burada ağır şəraitdə keçir. Bu dövrdə yaratdığı “Assur, Aman və Esfir” və “Azğın oğulun qayıtması” dini kompozisiyalarında emosional gərginlik, obrazların psixoloji dramatizmi qabarıq hiss olunur.
   
   Taleyin ironiyası
   
   Bəşəriyyətə 350 tablo, 100 rəsm əsəri, 300 ofort qoyub gedən dahi rəssam 4 oktyabr 1669-cu ildə Amsterdamda vəfat edir və yurdsuzlar qəbiristanlığında dəfn olunur.
   Zaman keçəcək, yurdsuzlar qəbiristanlığında dəfn olunan rəssamın əsərlərinin qiyməti fantastik rekordları qıracaqdı. Bir faktı xatırlatmaq kifayətdir ki, 1912-ci ildə məşhur rəssamın Şotlandiyada bir evin çardağından bu vaxta qədər ictimaiyyətə məlum olmayan əsəri tapılaraq mütəxəssislərə təqdim olunur. Bundan başqa evin sahibi Rembrandtın şagirdlərinə aid olan daha beş təsviri sənət nümunəsini aşkar edir. Bütün əsərlər “Kristi” hərrac evində satışa çıxarılır və Rembrandtın əsərinə ilkin olaraq 125 milyon dollar qiymət qoyulur.
   Sağlığında qiymətini almayan dahi rəssam, görəsən, o günü görsəydi hansı əsərini çəkərdi? Yəqin ki, bu sualın heç vaxt cavabı olmayacaq...
   
   Təranə Vahid