Bu yaxınlarda 75 yaşını qeyd edən Rusiyanın Xalq artisti Liya Axedjakova teatr və kinoda irili-xırdalı bütün rolları istedadla, məharətlə oynayaraq geniş tamaşaçı rəğbəti qazanıb. Maraqlıdır, bəs bu istedadlı aktrisanın ömür yolu necə olub?
Liya Axedjakova 1938-ci il iyulun 9-da Ukraynanın Dnepropetrovsk şəhərində sənətkar ailəsində dünyaya göz açıb. Milliyyətcə adıgey olan Liyanın atası Məcid Axedjakov rejissor, anası Yulya Aleksandrovna isə aktrisa olub. Uşaqlıqda anasının tez-tez xəstələndiyini görən balaca Liya həmişə onu itirəcəyindən çox qorxub. Valideynləri də onu aktrisa kimi deyil, həkim, mühəndis və ya bioloq kimi görmək istəyiblər. Lakin Liya uşaqlıqdan aktrisa olmağı arzulayıb.
Liya 1956-cı ildə Moskva Əlvan Metallar İnstitutuna qəbul olunsa da, burada yalnız ilyarım təhsil alır. Sonra A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olur və 1962-ci ildə bu təhsil ocağını bitirir. Sənət təhsili ilə bərabər 1961-ci ildə Moskva Gənc Tamaşaçılar Teatrında işləməyə başlayır. 1977-ci ildə “Sovremennik” teatrında çalışır.
Bir çox tamaşalarda yaddaqalan obrazlar yaratsa da, aktrisanı geniş auditoriyaya kino qəhrəmanları tanıdıb. Kinoda əsas debütü 1973-cü ildə Mixail Boqinin Böyük Vətən müharibəsi mövzusunda çəkdiyi “Adam axtarıram” filmində Alla rolu olur. Lakin geniş tamaşaçı sevgisini o, rejissor Eldar Ryazanovun “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (1975) və “İşdə məhəbbət macərası” (1977) filmlərindən sonra qazanır. “İşdə məhəbbət macərası”nda yaratdığı katibə Vera obrazı ona böyük şöhrət gətirir. Aktrisa bu rola görə Rusiya Dövlət mükafatına layiq görülür.
Bundan sonra Eldar Ryazanov Emil Braginski ilə birgə “Qaraj” filminin ssenarisində Yelena Malayeva rolunu məxsusi olaraq Liya üçün yazırlar. Bu obraz da tamaşaçılar tərəfindən sevilir. 1979-cu ildə aktrisa rejissor Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” filmində klub direktoru Olqa Pavlovna roluna çəkilir.
1991-ci ildə “Sovet ekranı” jurnalının oxucularının rəyinə əsasən Liya Axedjakova “İlin ən yaxşı aktrisası” adına layiq görülür. O, müsahibələrində deyir ki, yaratdığım irili-xırdalı rollarda mən həmişə tamaşaçı sevgisini hiss edib, alqışını eşitmişəm və bu, mənim üçün böyük uğurdur. 1999-cu ildə Liya atası ilə Eldar Ryazanovun “Köhnə at” filmində də ata-qız rolunu birlikdə oynayırlar. Aktrisa ikinci plan qadın rollarına görə iki dəfə Rusiyanın milli kino mükafatı olan “Nika” ilə təltif olunub. Teatr və kinoda yaradıcılıq fəaliyyətinə görə 1970-ci ildə Rusiyanın Əməkdar artisti, 1994-cü ildə isə Xalq artisti adına layiq görülüb.
Aktrisanın şəxsi həyatı isə ürəyincə olmayıb. Üç dəfə ailə həyatı qursa da, heç biri ilə nikahı uğurlu alınmayıb.
2012-ci ildə atasını itirməsi ona çox pis təsir edir. Həmin il tamaşa vaxtı yıxılaraq ayağını və qolunu sındırır. O vaxtdan həkimlər aktrisaya səhnəyə çıxmağa icazə vermirlər. O isə kino, səhnə, bir sözlə, tamaşaçı alqışı üçün çox darıxdığını deyir...
Hazırladı: Səbinə Əlibalaqızı